FAKÜLTƏDƏ KƏLBƏCƏR GÜNÜ QEYD EDİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya, İnformasiya və Sənəd Menecmenti fakültələrinin Tələbə Gənclər Təşkilatları fəallarının birgə təşəbbüsü ilə “Kəlbəcər günü” qeyd edilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova 30 ilə yaxın müddət ərzində xalqımızın ürəyində düyün bağlamış yurd həsrətinin artıq başa çatdığını, işğal altında olan şəhər və kəndlərimizin cəsur Azərbaycan əsgərinin əzm və iradəsi nəticəsində azad edildiyini, hazırda həmin ərazilərdə aparılan sürətli və genişmiqyaslı bərpa-quruculuq işlərindən danışıb. Dekan müavini tələbə gənclərə, növbəti illərdə bu tədbirin Azərbaycanın mirvarisi hesab edilən Kəlbəcər şəhərinin özündə keçirəcəklərinə əmin olduğunu bildirib.
Sonra hər iki fakültənin Tələbə Gənclər Təşkilatının fəal üzvləri vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa ediblər. Çiçək Teymurlunun ifasında “Azərbaycan” mahnısı, Dan Ulduzu rəqs ansamblının “Can Azərbaycan” və “Zəfər rəqsi” rəqsləri, Kəmaləddin Hüseynovun “Kəlbəcər” şeiri, Günay Əliyevanın oxuduğu “Cənab Leytenant” və “Çırpınırdı Qara dəniz” mahnıları, tarda Ariz Məmmədovun “Xudayar təsnifi”, Səbinə Babaşovanın “Sarı gəlin”, “Can Qarabağ” ifaları, eləcə də Səadət Səmədzadənin skripkada ifa etdiyi “Vətən əmanəti” mahnısı tələbələr tərəfindən maraqla qarşılanıb. Tədbirdə Kəlbəcərə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda SEP TGT sədri Samir Quliyev çıxış edərək hər iki fakültənin gənc fəallarına tədbirin ərsəyə gəlməsində göstərdikləri köməyə görə təşəkkürünü bildirib.