Fakültədə qış imtahan sessiyası davam edir
Sosial elmlər və psixologiya fakültəsinin bakalavr pilləsinin əyani təhsilalma forması üzrə 2023/2024-cü tədris ilində 81 qrupda 2017 tələbə (onlardan 41-i əcnəbi vətəndaşdır) təhsil alır. Qış imtahan sessiyası artıq başlayıb və bəzi nəticələrindən danışmaq olar. Birinci kurslar üçün bu ilk, dördüncü kurslar üçün isə bu – sonuncu sessiyadır (növbəti semestrdə tərdis təcrübəsi başlayır). Birinci kursda təhsil alan tələbələrin adaptasiya prosesi hələ davam etdiyi üçün onlarda sessiya nəticələri digər kurslardan aşağıdır. Hər bir növbəti kursda bu göstərici yüksəlir və nəhayət sonuncu kursda ən yüksək həddə çatır.
Fakültə kollektivi tərəfindən lazımi təşkilati tədbirlərin həyata keçirməsi üçün II korpusda bütün şərait yaradlıb. Təmir edilmiş binada imtahanın təşkili həm tələbələri, həm də koordinatorları məmnun edir.
Fakültənin magistratura pilləsində 2023/2024-cü tədris ilində 50 qrupda 183 magistrant təhsil alır. Bunlardan 15 nəfər Türkiyə Respublikasının və Çin Xalq Respublikasının vətəndaşlarıdır. Təcrübə göstərir ki, ikinci kursların müvəffəqiyyət göstəricisi kifayət qədər yüksəkdir. Artıq magistrantlarda özünəinam, lazımi biliklər və səriştələr formalaşıb. Bununla belə əvvəlki təhsil pillələrində baza hazırlığı da öz təsirini göstərir.
İlk növbədə bunu ümumi fənlərin (fəlsəfə və iqtisadiyyat, psixologiya və s.) mənimsənilməsində müşahidə etmək olar. Digər tərəfdən, daha bir xüsusiyyət gözə çarpır: ümumi fənlərin yoxlanışı monitorinq rejimində aparılır. Nəticələr göstərir ki, bəzən semestr balı və imtahanda verilən bal arasında kəskin fərq yaranır. Burada həm müəllimə, həm də magistranta sual verilə bilər: bunun səbəbi nədir? Ola bilməz ki, burada təsadüf hökm sürür. Belə hallar kafedralarda və fakültənin Elmi Şurasında ciddi müzakirə ediləcək. Qeyd edək ki, digər ali məktəbləri bitirib BDU-ya qəbul olunan magistrantlarda belə hallar daha çox müşahidə olunur.
Bütövlükdə təşkilati və texniki məsələlər rektorluq və fakültə səviyyələrində səmərəli şəkildə tənzimlənir. Sessiya davam edir. Fevralın birinci yarısında artıq ümumi yekunlarından danışa bilərik.