FAKÜLTƏDƏ QUBADLI GÜNÜ QEYD EDİLİB
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Qubadlının işğaldan azad edilməsinin ildönümü qeyd edilib. Vətən uğrunda qəhrəmanlıqla həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova çıxış edərək Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı şəhərinin 1993-cü ilin 31 avqustunda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyini və 30 ilə yaxın müddət ərzində Qubadlı şəhərinin, rayonun kəndlərinin yerlə-yeksan edildiyini bildirib. O, qeyd edib ki, erməni vandalları Qubadlı şəhərinin dini, tarixi, mədəni abidələrini məhv etməklə yanaşı, həmçinin onun təbiətinə də ciddi ziyan vurublar. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıblar. N.Kərimova bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti sayəsində 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri işğaldan azad edilib. Artıq Azərbaycan xalqı 25 oktyabr tarixini Qubadlının azad olunması günü kimi böyük qürur hissi ilə qeyd edir.
Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültə sədri Heydər Aslanov 27 ildən sonra Qubadlının işğalına son qoyulmasını əlamətdar tarixi hadisə adlandırıb, 25 oktyabr 2020-ci il tarixində Müzəffər Azərbaycan Ordusunun öz şərəfli missiyasını layiqincə yerinə yetirdiyini bildirib.
Psixologiya ixtisası üzrə I kurs tələbəsi Fidan Mustafazadənin Qubadlının tanınmış şəxsiyyətləri haqqında hazırladığı slayd tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin aparıcıları Psixologiya ixtisasının I kurs tələbələri Nəzrin Nəsibova və Nuray Nağıyeva İkinci Qarabağ müharibəsinin bizim gücümüzü göstərdiyini qeyd ediblər. Onlar iştirakçıların diqqətinə çatdırıblar ki, əks-hücum əməliyyatları nəticəsində 2020-ci il noyabrın 9-na qədər Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olunub. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Daha sonra psixologiya ixtisasının I kurs tələbələri Reyhan Tağıyeva və Nuray Nağıyeva “Vətən yaxşıdır” mahnısını ifa ediblər, Fidan Zamanova və Mədinə Kərimova “Zəfər” rəqsini nümayiş etdiriblər.