FAKÜLTƏDƏ ŞAHMAT-DAMA YARIŞI KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun üzvləri tərəfindən şahmat-dama yarışı keçirilib. Fakültə dekanı Rövşən Cavadov tədbiri giriş sözü ilə açıq elan edərək tələbələrə təhsil sahəsində daim yeni uğurlar əldə etməyi arzulayıb, onlara asudə vaxtlarını səmərəli keçirməyi tövsiyə edib. Fəlsəfə kafedrasının baş müəllimi Azər Allahverdiyev yarış iştirakçılarını şahmat-dama oyunlarının qaydaları ilə tanış edib, onlara qalibiyyət arzulayıb.
Üç mərhələdən ibarət olan yarışda şahmat üzrə 10 nəfər, dama üzrə 11 nəfər iştirak edib. Hər iki idman növü üzrə adlarını final mərhələsinin qalibləri sırasına yazdıran tələbələr münsiflər heyətinin qərarı ilə bu cür - I yer – 1 nəfər, II yer – 2 nəfər, III yer – 3 nəfər – qruplaşdırılıb.
Tədbirin sonunda qaliblər mükafatlandırılıb. Psixologiya ixtisası üzrə I kurs tələbəsi Nərminə Cəfərova şahmat üzrə yarışın birincisi olub, Fuad Şirinov və Camal Mədətli II yerə, Sunay Həmzəzadə, Çingiz Hacıyev, Rüstəm Tağıyev III yerə layiq görülüblər. Cavanşir Məlikzadə, Cavidan Kərimliyə şahmat üzrə fərqləndirici oyun nümayiş etdirdiklərinə görə sertifikat təqdim edilib.
Dama yarışları üzrə özlərini sınayan tələbələrdən birinci yerə Elgün Tağızadə, ikinci yerə Əli Həsrətov və Əli Tağızadə, üçüncü yerə Nuranə Bayramova, Vüsalə Rəhmanova və Rəhimə Əhmədova layiq görülüb.
Ümummilli lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş şahmat-dama yarışının qalibləri yeni tədris ilində digər fakültələrin tələbələri ilə yoldaşlıq görüşü keçirəcəklər. Şahmat-dama yarışlarında qalib gəlmiş tələbələrimizi təbrik edir, növbəti oyunlarda onlara daha böyük uğurlar arzu edirik!