FAKÜLTƏDƏ VİDEOÇARX MÜSABİQƏSİ KEÇİRİLİB

Bakı Dövlət Universiteti (BDU) Sosial Elmlər və Psixologiya fakültəsi Sosial iş kafedrasının saathesabı müəllimi Nəzrin Əliyevanın təşəbbüsü ilə videoçarx müsabiqəsi keçirilib. Müsabiqədə Bakı Dövlət Universiteti və Bakı Biznes Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Müsabiqəyə təqdim edilmiş videoçarxlarda tələbələr müasir dövrün ən aktual sosial problemlərini təhlil etməyə səy göstəriblər.
Bakı Dövlət Universitetinin Sosial iş ixtisası üzrə (ingilis bölməsi) “SW 27” “SW 29” “SW 31” və Bakı Biznes Universitetinin “822A” “822C” “822E” qrup tələbələri arasında keçirilən müsabiqəyə ”Aysunun səssizliyi”, “Bəzən sadəcə bir söz, bir baxış “,“Şizofrenin gözündən həyat”, “Qış ilə yaz eyni gündə”, “İki reallıq arasında”, “Duyulmayan səslər” adlı videoçarxlar təqdim edilib. Videoçarxlar məişət zorakılığı, psixi və Bipolyar pozuntu problemlərini, Şizofreniya xəstəliyi və uşaq zorakılığı məsələlərini əhatə edib. Münsiflər heyətinin qərarı ilə Bakı Biznes Universitetinin III kurs tələbələrinin 822A qrupunun hazırladıqları “Qış ilə yaz eyni gündə” adlı videoçarx müsabiqənin qalibi seçilib.