FAKÜLTƏDƏ YENİ ƏNƏNƏNİN ƏSASI QOYULUB
Sentyabr ayının 14-də yenicə tələbə adı qazanmış gənclərlə fakültəni fərqlənmə diplomu ilə bitirmiş məzunların görüşü keçirilib. Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edildikdən sonra fakültə dekanı Rövşən Cavadov tələbələri ali məktəbə daxil olmaları münasibəti ilə təbrik edib, onlara gələcək təhsil fəaliyyətində uğurlar arzulayıb.
R.Cavadov tələbələrlə görüş zamanı bildirib ki, bu il altı ixtisas üzrə fakültəyə əyani təhsilalma forması üzrə 432 nəfər daxil olub. Onlardan 406 nəfəri dövlət hesabına, 26 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. O, qeyd edib ki, keçən tədris ilində 373 nəfər məzundan 11 nəfəri təhsilin bakalavr pilləsini fərqlənmə diplomu ilə başa vurub.
Tələbələrlə görüş zamanı R.Cavadov ilk dəfə olaraq fakültədə yeni ənənənin əsasının qoyulduğunu bildirib. O, tələbələrlə sual-cavab şəklində dialoq təşkil edərək onlara belə bir sualla müraciət edib: “Kimlər təhsilini fərqlənmə diplomu ilə bitirəcəyinə güvənirsə, əlini qaldırsın”. Görüş keçirilən bütün auditoriyalarda tələbələrimizin böyük əksəriyyəti dörd illik bakalavr təhsilini əla qiymətlərlə başa vuracağına, nümunəvi davranışlarıyla daim fərqlənəcəklərinə əmin olduqlarını bildiriblər.
Fakültə dekanı bildirib ki, görüşün təşkilində məqsəd birinci kurs tələbələrinin adaptasiya prosesi ilə bağlı rastalaşdıqları çətinliklər və onlardan yaxa qurtarmaq yollarının axtarıb tapılması üçün məzunlarla təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
Daha sonra dekan fakültədə hər bir ixtisasın öz loqosunun olduğunu bildirərək deyib: “Qərara almışıq ki, həmin loqo sizlərdən o şəxsə təqdim edilsin ki, o özünə fakültəmizi fərqlənmə diplomu ilə bitirəcəyinə əmin olsun”. Proses zamanı hər qrupda tələbələrin böyük əksəriyyəti bu iddiada olduğunu bəyan edib və iddiaçılar ön sıraya dəvət edilərək ixtisas loqosunu qələbə kuboku kimi başları üzərinə qaldırıblar. Fakültə dekanı ixtisas loqosunu hər qrupda ən yüksək bal toplamış tələbəyə verib.
R.Cavadov sonda tələbələrə dərsə davamiyyət və universitetin nizam-intizam qaydalarına ciddi riayət etməyi məsləhət görüb. Tələbələri fakültəninin, o cümlədən universitetin elmi və ictimai həyatında fəal iştirak etməyə səsləyib.