DOSENTİMİZ AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNƏ ÜZV SEÇİLİB
Sosial elmlər və psixologiya fakültəsi Pedaqogika kafedrasının dosenti Kamalə Qəhrəmanova Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. K.Qəhrəmanova Qarabağda erməni faşistlərinin törətdiyi vəhşilikləri, məcburi köçkünlərin düşdükləri acınacaqlı vəziyyəti həm elmi məqalələrində, həm də yazdığı roman və hekayələrdə işiqlandırıb. O, elmi-publisist yazılarında və bədii əsərlərində müharibənin həmvətənlərimizə vurduğu fiziki və mənəvi zərərin izlərini, Azərbaycanlıların həyatında yaratdığı faciələri ictimaiyyətə çatdırmağa çalşıb.
Qarabağ müharibəsinin törətdiyi faciələrin şahidi və qurbanı olan insanların psixoloji vəziyyəti Kamalə Kamal qızı Qəhrəmanovanın əsərlərində bacarıqla ifadə olunub. Müəllif “Utanc” romanında bir Qarabağlı qadının timsalında müharibə illərində qadınların ağrılarından, mübarizəsindən, ümidlərindən, itkilərindən ustalıqla bəhs edib. “Utanc” romanında erməni vəhşiliyinin, qeyri-insani rəftarının qurbanı olmuş və ağır mənəvi sarsıntılara, olmazın əzablarına məruz qoyulmuş güclü bir Azərbaycan qadınının timsalında müharibənin yaratdığı dəhşətləri, məhrumiyyətləri, ağrıları məharətlə qələmə alıb. Qəhrəmanova “Qarabağın göz yaşları” kitabında yaratdığı obrazların dili ilə Qarabağ müharibəsinin əsasən uşaqların həyatına təsirini, qəlblərində, ruhlarında açdıqları yaraları təsvir edib. Kamalə xanımı Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi münasibəti ilə təbrik edir, ona elmi və bədii yaradıcılığında uğurlar arzulayırıq!