ŞƏHİDİMİZİN MƏZARI ZİYARƏT EDİLİB
2022-ci il sentyabr ayının 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatı nəticəsində vətənimizin etibarlı müdafiəsini təşkil edərkən şəhadətə yüksəlmiş 50 əsgər və zabitlərimizdən biri də Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin məzunu Erkin Hüseynov olub. Sosial elmlər və psixologiya fakültəsinin 2019-2020-ci tədris ilinin məzunu olan Erkin Hüseynov Fəlsəfə ixtisasında təhsil alarkən daim universitetin və fakültənin ictimai həyatında fəal iştirak edib, nümunəvi davranışı ilə fərqlənib, təhsilini müvəffəqiyyətlə başa vurub.
BDU-nun layiqli məzunu Erkin Hüseynov 12 oktyabr 1998-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Ailənin yeganə övladı olub. Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, dosent Ülviyyə Ağabəyova, fakültənin THİK sədri Heydər Aslanov və fakültənin bakalavr və magistrləri şəhid Erkin Hüseynovun doğum günündə Gəncə şəhərində onun məzarını ziyarət ediblər.
Ziyarət zamanı tələbələr və magistrantlar şəhidimizin otağı, şəxsi əşyaları ilə tanış olublar. Hüseynovlar ailəsində açılmış süfrə arxasında əyləşən müəllimlər, tələbələr və magistrantlar çıxış ediblər. Fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova ilk öncə qonaqpərvərliyə və mehriban qarşılanmaya görə qəhrəmanımızın valideynlərinə, doğmalarına öz minnətdarlığını bildirib. O, Erkinin hər zaman vətənpərvər, gülərüz və mehriban tələbələrdən biri olduğunu deməklə yanaşı, şəhidimizin valideynlərinə belə qəhrəman, vətənpərvər və savadlı gənc yetişdirdiklərinə görə öz dərin təşəkkürünü bildirib. O, həmçinin Erkinin xatirəsinin Bakı Dövlət Universiteti və Sosial elmlər və psixologiya fakültəsinin rəhbərliyi tərəfindən daim əziz tutulduğunu qeyd edib.
Fakültənin dosenti Ülviyyə Ağabəyova Erkin Hüseynovun tələbəlik illərini xatırlayaraq, onun ağıllı və məntiqli düşüncəsi ilə həmyaşıdlarından daim fərqləndiyini bildirib. Qəhrəmancasına şəhid olduqdan sonra isə hər zaman müəllimləri və tələbə yoldaşları tərəfindən hörmətlə anıldığını Hüseynovlar ailəsinin diqqətinə çatdırıb.
Daha sonra Erkinin qrup yoldaşı Səbinə Erkini “qrupun gülər üzü” adlandıraraq, dörd il onunla bir parta arxasında əyləşdiklərini və bu illər ərzində bir dəfə də olsun ondan incimədiyini söylədi. O, daha sonra bildirdi ki, Erkin daim hərbçi olmaq arzusu ilə yaşayırdı və universitet təhsilini bitirdikdən sonra bu arzusunu gerçəkləşdirdi.
Sosial elmlər və psixologiya fakültəsi Fəlsəfə ixtisasının ikinci kurs magistrantı İsmayıl Ələkbərov Erkinin xeyirxahlığından, mehribanlığından və ictimai-siyasi fəaliyyətindən söz açaraq, onun xatirəsinin həm universitet və fakültə rəhbərliyi, həm də kafedra müdirləri və müəllimlər tərəfindən əziz tutulduğunu vurğuladı. Bütün tələbələrə Erkin kimi savadlı, vətənpərvər, qayğıkeş və mehriban bir gənc olmağı arzu etdi.
Fəlsəfə ixtisasının ikinci kurs tələbəsi Muhəmməd Əmin Hacılı öz çıxışında qeyd etdi ki, Erkin adının mənası “azadlıq” deməkdir və Erkin adına layiq qəhrəman olaraq daim azadlıq eşqi ilə yaşayıb, azadlıq uğrunda da canından keçib. M.Hacılı Erkinin sadəcə valideynlərinin deyil, həm də Bakı Dövlət Universitetinin, bütövlükdə isə Azərbaycan xalqının fəxri olduğunu vurğulayıb. Son olaraq isə Erkin başda olmaqla müzəffər ordumuzun hər bir fərdinə, qazilərimizə öz təşəkkürünü və minnətdarlığını bildirməklə, şəhidlərimizə Allahdan rəhmət diləyib.
Fəlsəfə ixtisasının ikinci kurs tələbəsi Nuranə Bayramova öz titrək və qəlbləri oxşayan səsi ilə Erkin Hüseynovun xatirəsinə sayğı əlaməti olaraq Xalq şairi Bəxtiyar Vahabzadənin “Gedirəm” şeirini səsləndirib. E.Hüseynovun anası Laləzar xanım oğlunun şeirə-sənətə sonsuz sevgisindən danışaraq Bəxtiyar Vahabzadənin onun ən çox sevdiyi şairlərdən biri olduğunu söyləyib.
Fəlsəfə ixtisasının ikinci kurs tələbəsi Rufiz Quluzadə universitetə daxil olduğu birinci ili xatırladaraq deyib: “Bizə ilk dərsi nə professorlar, nə də dosentlər keçdi. Bizə ilk və unudulmaz dərsi iki il öncə əyləşdiyimiz auditoriyalardan məzun olan Erkin keçdi. Onun qəhrəmanlığı və şücaəti bizim üçün örnək oldu”. O, daha sonra Erkin kimi Azərbaycana layiqli vətəndaşlar olacağına söz verdi.
Fəlsəfə ixtisasının ikinci kurs tələbəsi Esmira Nəsrullayeva Erkinin öz ana yurdunda onun anım gününə toplaşdıqlarından və onun təhsil aldığı məktəbdə olmaqlarından qürur hissi keçirdiyini bildirdi. O, söylədi ki, Erkin gənclərin qürur mənbəyi və qəhrəmanlıq nümunəsidir. Məqsədləri uğrunda vuruşaraq, həyatını torpaq uğrunda fəda edən vətən oğulları əbədiyaşarlığa qovuşublar.
Fəlsəfə ixtisasının dördüncü kurs tələbəsi Elmira Axundova Erkini bir neçə gün əvvəl yuxusunda gördüyünü və bununla sanki onu öz doğulduğu Gəncə şəhərinə çağırdığını deyib. Biləndə ki, fakültənin bir qrup tələbə və magistri onun qəbrini ziyarət etməyə gedir, o da məmnuniyyətlə yoldaşlarına qoşulub.
Fəlsəfə ixtisasının ikinci kurs tələbəsi Mirfəttah Qəhrəmanov isə oxuduğu ali təhsil ocağında Erkinin əziz xatirəsinin hər zaman əziz tutulduğunu söyləyib. Onun şərəfli ömür yolunun gənclər üçün nümunə və qürur mənbəyi olduğunu söyləyib.
Sonda Sosial elmlər və psixologiya fakültəsinin müəllim və tələbə heyəti şəhid məzunumuzun ailə üzvlərinə və yaxınlarına dərin təşəkkürlərini bildirərək Erkinin simasında bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.