FAKÜLTƏNİN PROFESSORU “KƏLAĞAYI: ƏNƏNƏLƏR, SİMVOLLAR VƏ SİRLƏR” ADLI MÜHAZİRƏ DEYİB

2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti rəsmi olaraq “Qadın ipək baş örtüyünün (Kəlağayı) hazırlanması və geyinilməsinin ənənəvi sənəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 26 noyabrda Azərbaycan Milli İncəsənət Muzeyində bu mühüm mədəni hadisənin ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrasının müdiri fəlsəfə doktoru, professor Rəna İbrahimbəyova “Kəlağayı: ənənələr, simvollar və sirlər” adlı mühazirə oxuyub. Qeyd edək ki, Rəna İbrahimbəyova kəlağayı sənətinin tanınmış mütəxəssisi və təbliğatçısı olmaqla yanaşı, Basqalda İnteraktiv Kəlağayı Muzeyinin yaradıcısı və “Kəlağayı” kitabının müəllifidir. Kəlağayı sənətini əsrlərin nəsildən nəslə ötürdüyü müdriklik kimi qiymətləndirən R.İbrahimbəyova mühazirəsində kəlağayı ilə bağlı layihənin necə başladığı, bu işin necə aparıldığı, kəlağayının hazırlanması sənətinin bərpası prosesinin necə keçirildiyi və onun xüsusiyyətlərinin nədən ibarət olduğu barədə danışıb. Mühazirə dinləyicilər tərəfindən maraqla qarşılanıb. Tədbirdə kafedranın müəllimləri - Cəmilə Quliyeva və Tünzalə Musayeva iştirak ediblər.