Fakültənin professoru forumda iştirak edib
Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova bir qədər əvvəl MDB-yə üzv dövlətlərin Daşkənddə keçirilən Elm və Yaradıcılıq sahəsində Ziyalılarının XV Forumunda iştirak edib.
BDU-nun professoru forumda “Mədəniyyətlərarası kommunikasiyalar mədəni inteqrasiyanın humanitar mexanizmləri kimi” adlı məruzə ilə çıxış edib. O, çıxışında dövlətlərin çoxtərəfli əməkdaşlığında mədəni qarşılıqlı fəaliyyət sahəsinin getdikcə daha çox əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bütün xalqların milli kimliyinin və mənəvi birliyinin, mədəni dəyərlərinin qorunub saxlanılması əsasında əməkdaşlığa, mədəni mübadilə və inteqrasiyaya ortaq səylər göstərilməsinin dəyişməz prinsip olduğunu qeyd edib.
Azərbaycanlı alim XXI əsrin sosial-mədəni reallığının ziddiyyətləri haqqında danışaraq hər bir ölkədə qloballaşma proseslərinin yaratdığı risklərin minimuma endirilməsi mexanizmlərinin hərtərəfli təhlili zərurətini önə çəkib. Mədəniyyətlərarası inteqrasiya və kommunikasiyanın elmi əsaslarının, məqsəd və mexanizmlərinin öyrənilməsini mədəniyyətşünaslığın əsas istiqamətlərindən biri kimi dəyərləndirib.
R.Aslanova yeni reallıqda mədəniyyətlərarası kommunikasiyanın yeni təməl modeli kimi Türkdilli dövlətlər birliyinin önəmli statusa malik olduğunu bildirib. O, qeyd edib ki, Türkdilli Dövlətlər Təşkilatının bu istiqamətdə güclü ortaq səylərini bir araya gətirməsi proseslərin geoiqtisadi və geosiyasi birliklə yanaşı, geomədəni birliyin formalaşmasına doğru istiqamətlənməsini göstərir. Ortaq tarixi-mədəni keçmişin və ortaq gələcəyin bu proseslərə sözün yaxşı mənasında təkan verdiyini bildirib.