FAZİL VAHİDOVUN 85 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ KİTABIN TƏQDİMATI KEÇİRİLİB

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi və Sosiologiya kafedrasının birgə təşkilatçılığı ilə görkəmli alim, təcrübəli tədris təşkilatçısı Fazil Qulammirzə oğlu Vahidovun 85 illik yubileyinə həsr olunmuş “Həyatı həyat kimi yaşamaq istəyirəm” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov açaraq Fazil Vahidovun sosiologiya elminin və fakültənin inkişafındakı xidmətlərindən, tələbə və həmkarlarının yaddaşında qoyduğu yüksək mənəvi izlərdən bəhs edib. Rövşən Cavadov çıxışında Fazil Vahidovun hansı vəzifədə çalışmasından asılı olmayaraq, insanlara daim xeyirxah, qayğıkeş və səmimi münasibət göstərdiyi, üzərinə düşən vəzifələri hər zaman yüksək məsuliyyətlə, vaxtında və layiqincə yerinə yetirdiyini bildirib. R.Cavadov Fazil Vahidovu dəyərli bir insan kimi xatırladığını və onun yoxluğunun daim kədər hissi doğurduğunu qeyd edib.
Daha sonra iştirakçılar fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimovanın hazırladığı “Zəhmətkeş alim” adlı videoçarxa tamaşa ediblər. Videoçarxda zəhmətkeş alim və xeyirxah insan Fazil Vahidovun həyat və fəaliyyətindən bəhs olunub. Tədbirdə Sosiologiya kafedrasının professoru İzzət Rüstəmov çıxış edərək filosof və sosioloq həmkarı, məntiqi təfəkkür sahibi və bacarıqlı idarəçi Fazil Vahidov haqqında fikirlərini iştirakçılarla bölüşüb. Daha sonra AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov çıxış edib. O, Fazil Vahidovu nurlu və vahid insan kimi xarakterizə edərək onunla bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşıb.
Sosiologiya kafedrasının müdiri, professor Rəfail Həsənov, Gender və tətbiqi psixologiya kafedrasının müdiri professor Rəna İbrahimbəyova, Politologiya və sosiologiya kafedrasının professoru Vəsxanım Orucova, Şərqşünaslıq fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Əli Babayev və başqaları çıxış edərək Fazil Vahidovu yüksək təşkilatçılıq bacarığına malik pedaqoq və alim kimi xatırlayıblar. Çıxışçılar Fazil Vahidovun xatirəsinə həsr edilmiş kitabın və tədbirin ərsəyə gəlməsində fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimovanın, o cümlədən Sosiologiya kafedrasının dosenti Tahir Ağayevin və kafedranın baş müəllimi Südabə Haşımovanın təşəbbüskarlığı və təşkilatçılıq fəaliyyətini yüksək qiymətləndiriblər.
Daha sonra F.Vahidovun oğlu Aftandil Vahidov və qızı Günay Vahidova çıxış edərək atalarının xatirəsinə həsr edilmiş tədbirin bütün təşkilatçılarına minnətdalıqlarını ifadə ediblər. Tədbirin bədii hissəsində tələbələrin ifasında Bəxtiyar Vahabzadənin “Yaşamaq istəyirəm” və “Qara saçlar, ağ saçlar” şeirləri səsləndirilib.