FƏLSƏFƏ KAFEDRASINDA DƏYİRMİ MASA KEÇİRİLİB
Sosial elmlər və psixologiya fakültəsində Fəlsəfə kafedrasının təşkilatçılığı və Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı ilə “Azərbaycanda tolerantlıq modelinin özünəməxsusluqları” mövzusunda dəyirmi masa keçirilib. Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova çıxışında Azərbaycan Respublikasının Dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, dini münasibətlərin də yeni prinsiplər əsasında inkişafı üçün tarixi şəraitin yaranmasından danışıb. O, qeyd edib ki, dini şüurun hüquqi dövlət və vətəndaş cəmiyyətinin tələblərinə uyğun olaraq formalaşdırılması, dini müxtəlifliyin təmin olunması üçün sistemli və məqsədyönlü dövlət siyasətinin aparılması zərurəti ortaya çıxıb. Müstəqilliyini yeni əldə etmiş dövlətimizdə ümumilli lider Heydər Əliyev tərəfindən dini tolerantlığın və millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Kafedra müdiri çıxışında bildirib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən tədbirlər ölkəmizdə dini etiqad seçiminə hörmətlə yanaşıldığını, bu sahədə azadlığın və tolerantlığın qorunduğunu, yarana biləcək problemlərin beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinin təmin edildiyini göstərir. O, daha sonra qeyd edib ki, bu gün Azərbaycan eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan nadir ölkələrdən biridir. Azərbaycan multikulturalizmi ölkənin siyasi simasının əsas cizgilərindən birinə çevrilib, tarixdən süzülüb gələrək milli və dini tolerantlığın Azərbaycan modeli formalaşıb.
Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Həziyev çıxış edərək həmin dövlət qurumunun iş prinsipləri, Azərbaycanda tolerantlıq modelinin özünəməxsusluqları barədə dəyirmi masa iştirakçılarına məlumat verib.
Fəlsəfə ixtisasının IV kurs tələbələri Cəbrayıl İsmayılov “Azərbaycanda tolerantlıq”, İsmayıl Ələkbərov “Multikulturalizm və xarici siyasət”, Fidan Şadlinskaya “Müasir cəmiyyətdə multikulturalizm” mövzusunda təqdimatlarla çıxış ediblər. Çıxışlar ətrafında tədbir iştirakçıları tərəfindən geniş müzakirələr aparılıb.