Fəlsəfə kafedrasında elmi seminar keçirilib
Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında fevral ayının 22-də Elmi seminar keçirilib. Seminarda kafedranın əməkdaşları, kafedranın magistrant və doktorantları iştirak ediblər.
Elmi seminarda kafedranın “Sosial fəlsəfə” ixtisası üzrə əyani doktorantı Ağalar Qəribov “XX-XXI əsrlərin hüquq fəlsəfəsi: Kant və Hegelin izi ilə” mövzusu ilə çıxış edib. Məruzəçi çıxışında XX əsrin əvvəllərindən etibarən hüquqi-fəlsəfi fikrin yeni istiqamətlər üzrə inkişafı, neokantçı və neohegelçi konsepsiyalar müstəvisində hüquq, əxlaq, mənəviyyat və ədalət anlayışları, onların qarşılıqlı münasibəti və əlaqəsi barədə məlumat verib. A.Qəribov, Con Rolz, Çarlz Teylor və Yurgen Habermasın hüququn kommunitarist və liberal istiqamətlər üzrə Kant və Hegelə istinadən qiymətləndirilməsindən bəhs edib. Neokantçı ənənə daxilində Rudolf Ştammler, Qustav Radbrux və Otfrid Höffenin, neohegelçi konsepsiya çərçivəsində Benedetto Kroçe, Covanni Centile və Yulies Binderin fəlsəfi konsepsiyalarında transsendental hüquq, aprior əxlaq, abstrakt hüquq və əxlaqın qarşılıqlı əlaqəsi kimi məqamların müasir cəmiyyətə nəzərən hansı rolu oynaya biləcəyini diqqətə çatdırıb. Məruzəçi yeni dünyanın çağırışlarına cavab olaraq klassik alman filosoflarının hüquq təlimlərinin oynaya biləcəyi roldan danışmaqla Azərbaycanda dövlət və cəmiyyət arasındakı hüquqi əlaqələrin mahiyyətinin və gələcək yol xəritəsinin müəyyən edilməsində hüquq fəlsəfəsinin zəruri əhəmiyyətini vurğulayıb.
Elmi seminarda digər məruzəçi kafedranın “Təbiətşünaslıq fəlsəfəsi” ixtisası üzrə II kurs magistrantı Rəvan Əliyev “İnsan-təbiət münasibətləri və qlobal problemlər” mövzusunda çıxış edib. Magistrant bildirib ki, qlobal problemlərin fəlsəfi və sosial müstəvidə araşdırılması bütün dövrlər üçün aktual tədqiqat mövzularındandır. İnsan və təbiət münasibətlərinin əsas nəticəsi kimi qeyd edə biləcəyimiz qlobal problemlər daim filosofların diqqət mərkəzində olmuşdur. Qlobal problemlər bütün dünya ölkələrini əhatə edən, regionda yerləşən əhalinin yaşam halına geniş təsir göstərən, hazırki vəziyyətlə yanaşı gələcəkdə də yeni problemlərə yol açan problemlərdir. Məruzəçi xüsusilə qlobal problemlərin ekoloji aspektlərini, insan və təbiət münasibətlərinə tarixi baxışı, qlobal ekoloji problemlərin həlli sahəsində yeni ideyaları nəzərə çatdıraraq, qeyd edib ki, sözügedən problemin müəyyən dövr üçün həll olunması mümkün olsa da, gələcəkdə yeni qlobal ekoloji problemlərin mövcudolma ehtimalı az deyil. Nəticə etibarilə insan və cəmiyyətin təbiətdə yaşamını davam etdirdiyi müddətdə qlobal ekoloji problemlər daim aktual mövzu olaraq tədqiqatların episentrini təşkil edir.
Hər iki məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və onların sualları məruzəçilər tərəfindən cavablandırılıb.