Fəlsəfə kafedrasında növbəti elmi seminar keçirilmişdir

Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında növbəti elmi seminar keçirilmişdir. Elmi seminarı açıq elan edən kafedra müdiri Kəmalə Pənahova qeyd etmişdir ki, seminarda fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanovun “Gender bərabərliyi: fiziki tərkmi, yoxsa fəlsəfi dərkmi” mövzusunda mühazirəsi dinləniləcəkdir. Mühazirəçi çıxışında gender bərabərliyi, bu sahədə tanınmış alim və tədqiqatçıların fikirləri, nəzəriyyələrin inkişaf tarixindən danışmış, feminizm və onun istiqamətləri, filofosfların gender bərabərliyi məsələsinə münasibətinə diqqəti yönəltmişdir. Z.Şabanov ölkəmizdə gender bərabərliyi istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən qanunlar və qanunvericilik aktları, onların beynəlxalq standartlara uyğunluğu haqqında məlumat vermişdir. Bildirilmişdir ki, qanunların qəbul edilməsi de-yure əsasa malikdirsə, onlara de-fakto əməl olunması cəmiyyətdəki gender mədəniyyətindən asılıdır. Cəmiyyəti inkişafdan saxlayan bəzi stereotiplər haqqında danışan mühazirəçi yalnış təsəvvürlərin yaratdığı problemlərin ancaq elmin, fəlsəfi dünyagörüşün, maarifləndirmə və təbliğat vasitəsilə aradan qalxacağını söyləyib. Bu işdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, KİV və sosial şəbəkələrin üzərinə də mühüm vəzifənin düşdüyünü söyləyib. Ali məktəblərdə “Genderin əsasları” fənninin tədrisinin zərurət olduğunu bildirib. Hazırda Azərbaycanda ictimai həyat sahələrində qadınların kişilərlə bərabər çalışdığını, öz karyerasını qura bildiyini nəzərə çatdırıb. Natiq ölçü prinsipinə əməl etməklə uzun illər ərzində formalaşmış milli-mənəvi dəyərlərə əməl olunmasının vacibliyini də diqqətə çatdırıb. Elmi seminarda fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, kafedranın dosentləri Arif Tağıyev, Nərgiz Məcidova, Nərminə Mikayılova, müəllimlər Azər Allahverdiyev, İsmayıl Ələkbərov, İsmayıl Xanməmmədli və fakültənin Fəlsəfə ixtisasının IV kurs tələbələri iştirak etmişlər. Sonda Arif Tağıyev mövzu ilə bağlı fikirlərini bildirmişdir. Mühazirəçi mövzu ilə bağlı müəllimlərin və tələbələrin suallarını cavablamışdır.