FƏLSƏFƏ KAFEDRASININ DOSENTİ ARİF TAĞIYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ ELMİ SEMİNAR KEÇİRİLİB

Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsində Fəlsəfə kafedrasının dosenti Arif Tağıyevin 85 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda dekan, dekan müavinləri, kafedra müdirləri və fakültənin professor-müəlli heyəti iştirak edib. Fakültə dekanı Rövşən Cavadov elmi seminarı açıq elan edərək Arif Tağıyevi yubiley münasibəti ilə təbrik edib, onun elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimovanın hazırladığı videoçarx nümayiş olunub. Videoçarxda Arif Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş məlumatlar öz əksini tapıb. Elmi seminarda Sosial elmlər və psixologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Qızılgül Abbasova, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanova, Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, Sosiologiya kafedrasının dosenti Hörmət Cavadova Arif Tağıyevi yubileyi münasibətilə təbrik ediblər.
Daha sonra Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova çıxış edərək Arif Tağıyevin elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verib, onun bakalavr və magistr pillələrində əsas ixtisas fənlərini tədris etdiyini, “Müasir təbiətşünaslığın konsepsiyaları”, “Antropologiya”, “Fəlsəfə”, “Ontologiya” dərsliklərinin müəllifi olduğunu qeyd edib.
O, vurğulayıb ki, A. Tağıyevin fəaliyyətinin mühim bir sahəsi də fəlsəfə klassiklərindən Platonun, “Dövlət”, Aristotelin “Politika” və “Metafizika”, Hegelin Ruh fəlsəfəsi”, “Məntiq elmi”, “Hüquq fəlsəfəsi” əsərlərini ilk dəfə ana dilimizə çevirməsidir. Kəmalə Pənahova daha sonra Arif Tağıyevin tərcümə etdiyi əsərlərə həm də iri həcmli şərhlər yazaraq, onları təhlil etdiyini bildirib.
Sonda Arif Tağıyev çıxış edərək elmi seminar iştirakçılarına minnətdarlığını bildirib. O, hazırda elmi tədqiqatlarını davam etdirdiyini və “Ruhun özünə səyahəti və ya insan nədir” monoqrafiyası üzərində işlədiyini söyləyib.
Sosial elmlər və psixologiya fakültəsinin çoxsaylı kollektivi adından biz də Azərbaycanda fəlsəfə elminin inkişaf etməsində və bu sahədə kadrların hazırlanmasında böyük xidmətləri olan Arif Tağıyevi təbrik edir, ona uğurlar arzulayırıq!