FƏLSƏFİ ANTROPOLOGİYADA EKOLOJİ PERSPEKTİV ADLI ELMİ SEMİNAR KEÇİRİLİB

Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında növbəti elmi seminar keçirilib. Kafedranın dosenti Nərgiz Məcidova “Fəlsəfi antropologiyada ekoloji perspektiv” mövzusunda məruzə edib.
N.Məcidova çıxış edərək bildirib ki, fəlsəfi antropologiya insan təbiətini mədəni, bioloji və sosial ölçülərdə araşdıran bir sahə olaraq, qlobal ekoloji problemlər dövründə insanların rolunu anlamaq məqsədilə yeni bir vəzifə ilə qarşılaşır. Bəşəriyyəti, həm də planet sistemlərini təhdid edən ekoloji böhran antroposentrik modelin məhdudiyyətlərini ortaya çıxarmış və insan təbiəti ilə bağlı ənənəvi təsəvvürləri sual altına almışdır. Buna görə də insan və təbiət münasibətləri yalnız ekoloji deyil, həm də fəlsəfi və etik baxımdan yenidən nəzərdən keçirilməlidir. Fəlsəfi antropologiya yeni bir etik və ontoloji paradiqma yaratmalı, antroposentrizmin tənqidindən çıxış edərək ekosentrik yanaşmaya və gələcək yönümlü məsuliyyət anlayışına keçid etməlidir. Bu transformasiya həm etik nəzəriyyələrin, həm də ekoloji siyasətlərin yenidən qurulmasını tələb edir.
O, qeyd edib ki, ekoloji fəlsəfə və etika əsasında düzgün siyasət formalaşdırılması, daha dayanıqlı iqtisadi modellərin yaradılması üçün baza rolunu oynayır. Ətraf mühitin qorunmasına yönəlmiş strategiyalarda (xüsusilə COP-29 kimi beynəlxalq platformalarda) fəlsəfi əsaslandırmanın tətbiqi effektiv maliyyə və idarəetmə qərarlarının qəbuluna şərait yaradır. Ekosistemlərin etik aspektlərinə ciddi diqqət yetirilməsi resursların davamlı istifadəsinə təşviq edə bilər.
Sonda Nərgiz Məcidova kafedranın professor-müəllim heyətini maraqlandıran sualları cavablandırıb.