“Fobiyaların yaranma səbəbləri və aradan qaldırılması” adlı nəzəri-praktik təlimi keçirilib

Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Psixologiya kafedrasının dosenti Kamilə Kazımova və fakültənin Psixologiya ixtisasının məzunu Fatimə Cəfərovanın iştirakı ilə “Fobiyaların yaranma səbəbləri və aradan qaldırılması” adlı nəzəri-praktik təlimi keçirilib.
Təlimdə Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri professor Səxavət Əliyeva, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, deputatlar – Sevinc Hüseynova, Pərvanə Vəliyeva, Asif Əsgərov və Ülvi Quliyev, AMEA-nın vitse-prezidenti İradə Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Şəbnəm Cəfərova, professor Nuran Abdullayev, Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Vüsalə Musayeva, fakültənin Psixologiya kafedrasının, həmçinin digər kafedraların əməkdaşları, tələbələr, eyni zamanda Kamilə xanımın və Fatimə xanımın digər qonaqları iştirak ediblər.
Psixologiya kafedrasının müdiri professor Səxavət Əliyeva təlimi giriş nitqi ilə açıq elan edərək, təlimin nəzəri və praktik əhəmiyyətindən danışıb, təlimçilərə uğurlar arzulayıb.
Təlimçilər - Kamilə Kazımova və Fatimə Cəfərova təlim müddətində fobiyaların klinik-psixoloji mahiyyəti və simptomları, qorxu və fobiya anlayışlarının fərqi, fobiyanın yaranma səbəblərinə dair müxtəlif yanaşmalar, fobiyaların növlərindən bəhs ediblər. Həmçinin canlı keys təqdimatı və müzakirələr, fobiyaların aradan qaldırılması metodlarına da geniş yer verilib.
İştirakçılar qarşısında hipnoz vasitəsilə real klientlə (öz razılığı ilə) pişik fobiyasının aradan qaldırılması praktik nümayiş etdirilib. Təlimçilər “Virtual reallıq texnikası”ndan isitifadə edərək fobiyaların aradan qaldırılması (məruzqoyma - klientin fobiyanın uzərinə getməsi) üsulundan istifadə edib. Həmçinin real klientlərin fobiyalar haqqında danışdıqları həyat hekayələri dinlənilib və onlar təhlil edilib.
Təlimin sonunda praktik şəkildə iştirakçılar üzərində relaksasiya metodu tətbiq olunub və iştirakçıların fikirləri dinlənilərək, sualları cavablandırılıb.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, deputatlar – Sevinc Hüseynova, Pərvanə Vəliyeva, Asif Əsgərov və Ülvi Quliyev, həmçinin professor Nuran Abdullayev öz ürək sözlərini bildirirərək, təlimin nəzəri və praktik əhəmiyyətini yüksək qiymətləndiriblər.
Daha sonra Azərbaycan Tibb Universiteti Yoluxucu xəstəliklər kafedrasının professoru Elçin Hüseynov, kafedranın assistenti Nilufər Məmmədova, BDU-nun Psixologiya kafedrasının müəllimi Validə Vəliyeva, politologoya və sosiologiya kafedrasının dosenti Xatirə Əfəndiyeva, Azərbaycan Tibb Universitetinin tələbəsi, psixoloq Lalə Sadıqlı, Şəhid anası (fakültəmizin məzunu Ataməli Musaoğlu) Leyla Musaoğlu, Pozitiv Psixologiya Mərkəzinin psixoloqu Sevinc Nəbiyeva və başqaları təlimdə çıxış edərək təlim haqqında müsbət təəsüratlarını bölüşüblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və təlim xatirə şəkli çəkilməsi ilə sona çatıb.