“FREYDİN NƏVƏLƏRİ” KOMANDASI İNTELLEKTUAL YARIŞIN QALİBİ OLUB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşəbbüsü ilə ixtisaslararası intellektual yarış keçirilib. Intellektual yarışda fakültədə altı ixtisas üzrə (Sosiologiya, Psixologiya, Fəlsəfə, Təhsildə Sosial Psixoloji Xidmət, Korreksiyaedici təlim, Sosial iş) təhsil alan I kurs tələbələri iştirak ediblər. Altı komandadan (“Forvord”, “Standart”, “Medallions”, “Metafizika”, “Kainat”, “Freydin nəvələri”) ibarət olan yarış iştirakçıları incəsənət, musiqi, tarix və dünyagörüş olmaqla fərqli mövzuları əhatə edən suallara cavab veriblər.
I kursların qatıldığı ilk bilik yarışmasında Təhsildə sosial psixoloji xidmət ixtisasının tələbələri - “Freydin nəvələri” komandası qalib gəlib.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov İntellektual Oyunlar Klubunun sədri Vaqif İmanlının təşkilatçılığı ilə baş tutan yarışın qaliblərini təbrik edib. Fakültə dekanı “Freydin nəvələri” komandasının üzvlərinə – Reyhan Həsənova, Fidan Abızadə, Çiçək Teymurlu, Aynur Məmmədova və Fəridə Ədilovaya daim yeni uğurlar əldə etməyi arzulayıb.