"Gənclər arasında mobil telefon asılılığı" adlı tədbir keçirilib

Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Psixologiya kafedrasının müəllimi Emiliya İgidova və həmin kafedranın doktorantı Aytən Mütəllimzadə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Binəqədi Gənclər Evində gənclər üçün interaktiv maarifləndirici təlim keçiriblər. “Gənclər arasında mobil telefon asılılığı” və “Kiberzorakılığa psixoloji baxış” mövzularını əhatə edən təlim proqramı iki hissədən ibarət olub.
Təlimin birinci hissəsində gənclər arasında mobil telefon asılılığının psixoloji fəsadları, emosional vəziyyətə, sosial münasibətlərə və gündəlik fəaliyyətə mənfi təsirləri barədə elmi-nəzəri məlumatlar təqdim edilib. Gənc iştirakçıların özünüifadə və refleksiya bacarıqlarının inkişaf etdirilməsi məqsədilə metaforik assosiativ kartlardan (MAK) istifadə olunmaqla art-terapiya üsulları tətbiq edilib.
Təlimin ikinci hissəsində kiberzorakılıq anlayışının mahiyyəti, onun əsas formaları, psixoloji travmalar yaratma mexanizmləri və fərdin psixi sağlamlığına təsirləri barədə ətraflı məlumat verilib. Təlimçi tərəfindən iştirakçılara kiberzorakılığa məruz qalan şəxslərin (kiberzorakılığın qurbanlarının) psixoloji vəziyyəti izah edilib və onlara sosial-mənəvi dəstəyin göstərilməsinin əhəmiyyəti barədə məlumat verilib. İştirakçılara kibercinayətkarların psixoloji portreti və davranış tipologiyaları təqdim olunub, eyni zamanda kiberməkanda qarşılaşıla biləcək risklərdən qorunma yolları izah edilib.
Təlimin sonunda gənclər kiberməkanda yaşadıqları şəxsi təcrübələri bölüşüb, kiberzorakılıq halları qarşısında nümayiş etdirdikləri davranış reaksiyaları və mümkün alternativ yanaşmalar birlikdə müzakirə edilib. Təlim iştirakçıları öz mobil telefon və oyun istifadə vərdişlərini dəyərləndirib, gündəlik ekran vaxtları birlikdə müzakirə edilmiş və mobil texnologiyalardan daha balanslı, məqsədyönlü və faydalı şəkildə istifadə yolları barədə onlara praktiki tövsiyələr verilib. Mövzunun daha dərindən mənimsənilməsi məqsədilə real həyat nümunələrinə əsaslanan keyslər üzərində iş aparılıb, rollu oyunlar vasitəsilə praktik məşğələlər həyata keçirilib.