Görkəmli alim və təhsil təşkilatçısı
Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında professor Həmid İmanovun xatirəsinə həsr olunan “Görkəmli alim və təhsil təşkilatçısı” adlı elmi seminar keçirilib. Seminarı Fəlsəfə kafedrasının müdiri dosent Kəmalə Pənahova açaraq Fəlsəfə kafedrasının inkişaf tarixindən danışıb, 1976-cı ildə Fəlsəfə kafedrasının bazasında Dialektik materializm və Tarixi materializm kafedralarının yaradıldığını, Tarixi materializm kafedrasına rəhbərliyin professor Həmid İmanova həvalə edildiyini nəzərə çatdırıb. O, qeyd edib ki, 2010-cu ildə isə bu iki kafedranın bazası əsasında Fəlsəfə kafedrası təşkil edilmişdir. Kafedraya ömrünün sonuna kimi professor Həmid İmanov rəhbərlik etmişdir. Həmid İmanov Azərbaycanda Heydər Hüseynov və Mehbalı Qasımov tərəfindən yaradılan fəlsəfi məktəbin layiqli davamçılarından olmuşdur. H.İmanov BDU-da “Sosial tədqiqatlar“ laboratoriyasına da rəhbərlik etmişdir. O, 20-dən çox kitabın, 300-dən çox məqalə və tezisin müəllifi idi. Onun rəhbərliyi ilə 60-dan çox elmlər namizədi, 8 elmlər doktoru hazırlanmışdır. Elmi-pedaqoji xidmətləri nəzərə alınaraq H.İmanov “Şöhrət ordeni” ilə təltif edilmişdir.
Sonra Fəlsəfə kafedrasının dosenti Bilal Əlizadə professor Həmid İmanovun həyatı və elmi yaradıcılığı haqqında geniş məruzə edib. O, nəzərə çatdırıb ki, professor H.İmanov sosial fəlsəfə, sosiologiya və Şərq fəlsəfəsi problemlərinin tədqiqi sahələrində ciddi elmi nəticələr əldə etmişdir.
H.İmanovun elmi yaradıcılığında fəlsəfi fikrin diqqət mərkəzində olan cəmiyyətin sosial strukturu müxtəlif aspektlərdən tədqiqi olmuşdur. H.İmanovun yaradıcılığının birinci dövründə F.Qasımzadə və H.Şirəliyevlə birlikdə yazdıqları “Tarixi materializm” dərsliyi, H.Şirəliyevlə birlikdə yazdığı “Dünya sosializm sistemi” kitabı, “Xalq kütlələrinin və şəxsiyyətin tarixdə rolu”, “İnkişaf etmiş sosializmin sosial-sinfi strukturu” monoqrafiyaları nəşr olunmuşdur. Müstəqillik qazanıldıqdan sonra onun A.Əhədovla birlikdə yazdıqları “Etnik dinlər və dünya dinləri”, “Orta əsrlərdə ərəb müsəlman fəlsəfəsi” kitabları nəşr olunmuşdur. H.İmanov həm də “Fəlsəfə”, “Fəlsəfənin əsasları”, “Məntiq” dərsliklərinin müəllifi olmuşdur. Bu dövrdə yazdığı dərsliklərdə problemlər marksizm ideologiyasından kənar, müxtəlif fəlsəfi cərəyanların prizmasından münasibət bildirilməklə şərh olunmuşdur.
Fəlsəfə kafedrasının professoru Əziz Məmmədov çıxış edərək, professor Həmid İmanovun fəlsəfi düşüncələrinin orijinallığının öz mənbəyini mənsub olduğu xalqın həyati təcrübəsindən və müdrikliyindən alması ilə əlaqələndirib, onu həyat filosofu adlandırıb.
Fəlsəfə kafedrasının professoru Zeynəddin Hacıyev Həmid İmanovun sosial fəlsəfənin əsas problemlərinin həm sovet, həm də müstəqillik dövründə ciddi tədqiqatçılarından olduğunu bildirib. O, sosial-sinfi strukturun inkişafını konseptual baxımdan təhlil etmiş, fiziki və əqli əmək sahəsində çalışan insanların həyat tərzinin yaxınlaşdırılması yollarını nəzərdən keçirmişdir.
Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri professor Rəbiyyət Aslanova ömrünü ləyaqətlə yaşamış, respublikamızda fəlsəfə üzrə kadrların yetişdirilməsində zəhmətini əsirgəməyən alimin Azərbaycanda fəlsəfə elminin inkişafında böyük xidmətlərindən bəhs edib. Həmid İmanovun Şərq fəlsəfəsinə dair əsərlərinin müasir dövrümüzdə də tədris prosesində əhəmiyyətini vurğulayıb.
Pedaqogika kafedrasının müdiri professor Ləzifə Qasımova Həmid İmanovun şərəfli ömür yolu, elmi-pedaqoji fəaliyyəti, yüksək insani keyfiyyətləri ilə insanların rəğbətini qazanmış ziyalılarımızdan olduğunu qeyd edərək, xatirələrini yada salıb.
Sonda atasının elmi yolunun davamçısı Fəlsəfə kafedrasının dosenti Nərgiz Məcidova çıxış edərək, tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, Azərbaycanda fəlsəfə elminin inkişafında, kadr hazırlığında xidmətləri olmuş alimlərin elimi yaradıcılıqları barədə elmi seminarların keçirilməsi ənənəsinin davamlı olmasını arzulayıb.