“HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ DEBAT KEÇİRİLİB
03.04.2023-cü il tarixində BDU-nun Sosial elmlər və psixologiya fakültəsində Sosial iş ixtisasında təhsil alan tələbələr, magistrantlar və doktorantlarla “Heydər Əliyev ili” çərçivəsində debat keçirilib. Debatı giriş sözü ilə açan Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev bildirib ki, ölkə başçısının 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilib və bu sərəncamı Bakı Dövlət Universiteti (BDU) ictimaiyyəti yüksək əhval-ruhiyə ilə qarşılayıb. Çünki müasir Azərbaycan tarixinin böyük bir dövrü bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Belə ki, Azərbaycanın bugünkü uğurlarının memarı hesab edilən H.Əliyev yaşadığı müddətdə daim Azrbaycanla nəfəs almış, bütün mənalı ömrünü onun çiçəklənməsinə həsr etmişdir.
Sonra söz fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimovaya verilib. O, öz çıxışında Heydər Əliyevin xalqımızın çətin günlərində həmişə ona dayaq olduğunu vurğulayaraq, Ulu Öndərin məcburi köçkünlərlə görüşlərini xatırlayıb. N.Kərimova bildirib ki, Heydər Əliyevin Vətən sevgisi gənclər üçün gözəl bir nümunədir. Bugünkü debat da məhz H.Əliyevin fəaliyyətinin müxtəlif sahələrinə, onun respublikamızın həyatında müstəsna roluna həsr olunub.
Bundan sonra debat iştirakçıları fəal şəkildə debata qoşulub, H.Əliyevlə, onun çoxşaxəli fəaliyyətinin müxtəlif tərəfləri ilə bağlı maraqlı fikir və mülahizələr irəli sürüblər.