HEYDƏR ƏLİYEV İRSİ MİLLİ SƏRVƏTİMİZDİR
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakultəsi tələbə gənclər təşkilatı nəzdində fəaliyyət göstərən Diskussiya klubu fəallarının təşəbbüsü ilə “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı tədbir keçirilib. Diskussiya klubunun üzvləri müntəzəm olaraq fakültədə fəaliyyət göstərən kafedralar ilə yaxından əməkdaşlıq edir, tədbirlərin təşkili zamanı elmi mövzuların seçilməsi və onların sanballı müzakirəsinin təşkili işlərində professor-müəllim heyətindən məsləhətlər alırlar. Fakültə nəzdində fəaliyyət göstərən Diskussiya klubunun növbəti tədbiri Pedaqogika kafedrasında keçirilib. Klub üzvləri “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı mövzu ətrafında fikir mübadiləsi aparıblar. Daha sonra fakültə Diskussiya Klubunun sədri Xədicə Məmmədova çıxış edərək Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, ümummilli liderin ömür yoluna həsr edilmiş slaydı nümayiş etdirib. Klub sədri tərəfindən auditoriyaya ünvanlanan suallara fakültənin aktiv tələbələrindən olan Mənsumə Məmmədzadə, Əsli Əliyeva, Xədicə Babazadə, Elnarə Rəhimova, Çingiz Hacıyev, Şəbnəm Maqsudova məzmunlu cavab veriblər. Pedaqogika kafedrasının əməkdar müəllimi Səfurə Allahverdiyeva Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan, Ulu öndərin neft strategiyasından, elm və mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Sonda fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova klub üzvlərinin çıxışlarını ümumiləşdirməklə bərabər, həm də müvafiq tövsiyələr verib.