“HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR”
Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı tədbir keçirilib. Tədbirdə BDU-nun professor-müəllim heyəti, millət vəkilləri, respublikanın tanınmış ictimai-siyasi xadimləri və tələbələr iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Hüquq fakültəsinin professoru Zahid Cəfərov tədbiri giriş sözü ilə açıq elan edərək dövlətimizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsində Ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu bildirib. Müstəqil Azərbaycanı Heydər Əliyevin şah əsəri adlandıran Z.Cəfərov hazırda suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasının bugünkü uğurlarında Ulu öndərin əvəzsiz rolundan danışıb. Z.Cəfərov Pedaqogika kafedrasının professoru Nübar Muxtarovanın Heydər Əliyevin mənalı həyat yoluna həsr olunmuş “Yüksəlişə gedən yol vətənə xidmətdən başlayır” adlı kitabını tədbir iştirakçılarının diqqətinə təqdim edib. O, qeyd edib ki, Ulu öndərin həyat və fəaliyyətinə, onun ictimai-siyasi sahədə əldə etdiyi uğurlara həsr olunmuş çoxsaylı əsərlər içərisində Nübar Muxtarovanın ingilis və rus dillərində yazdığı “Yüksəlişə gedən yol vətənə xidmətdən başlayır” adlı kitabı xüsusi önəm daşıyır.
Tədbirdə Millət vəkilləri Nizami Cəfərov, professor Rüfət Quliyev, Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Babayev, BDU-nun Humanitar fakültələr üzrə ingilis dili kafedrasının müdiri Abbas Abbasov, həmçinin Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, kafedranın əməkdar müəllimi Səfurə Allahverdiyeva, kafedranın dosenti Elza Mollayeva və BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək Heydər Əliyevin dövlətçiliyimizin, milli dəyərlərimizin qorunması, uğurlu daxili və xarici siyasət, sosial, elm, təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi islatlar haqqında danışıbıblar.
Çıxışçılar Heydər Əliyevin siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə təsir göstərmək və ya onu qabaqlamaq bacarığı kimi yüksək keyfiyyətlərə malik şəxs olduğunu qeyd ediblər. Onlar Nübar Muxtarovanın Ulu öndərin həyat və fəaliyyətinə həsr etdiyi “Yüksəlişə gedən yol vətənə xidmətdən başlayır” adlı kitabının əhəmiyyətindən danışıblar, rus və ingilis dillərində yazılmış əsərin geniş oxucu auditoriyası qazanacağına əminliklərini ifadə ediblər.
Daha sonra çıxış üçün söz N.Muxtarovaya verilib. O, çıxışında Heydər Əliyevin xalqın böyük lideri olduğunu, Azərbaycan xalqının ən çətin vəziyyətlərində ona yol göstərərək, ləyaqətlə ardınca apardığını bildirib. N.Muxtarova Ulu öndərin inandırma bacarığına, möhkəm iradə və fenomenal yaddaşa malik olduğunu söyləyərək onun yaşından və vəzifəsindən asılı olmayaraq hər kəslə səmimi münasibət qura bilmək bacarığından danışıb.
Pedaqogika kafedrasının professoru N.Muxtarova Ümummilli lider Heydər Əliyevin sadə zəhmət adamları ilə öz dilində danışmaq qabiliyyətinə malik şəxs olduğu üçün xalq tərəfindən daim sevildiyini bildirib. N.Muxtarova “Yüksəlişə gedən yol vətənə xidmətdən başlayır” adlı kitabında Ulu öndərin məhz bu cür yüksək əxlaqi keyfiyyətlərini və onunla görüşləri zamanı aldığı təəssüratlardan doğan xatirələrini qələmə aldığını qeyd edib.
Tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək Nübar Muxtarovaya Heydər Əliyevə həsr etdiyi “Yüksəlişə gedən yol vətənə xidmətdən başlayır” adlı kitabını ərsəyə gətirdiyi üçün universitet rəhbərliyinin təşəkkürünü çatdırıb və ona fəxri fərman təqdim edərək yeni yaradıcılıq uğurları arzulayıb.