HİSSLƏRİN İNSANLARIN FƏALİYYƏTİNƏ TƏSİRİ MƏSƏLƏLƏRİNƏ HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Psixologiya kafedrasında “Hiss və fəaliyyət: duyğuların idarə olunması və fəaliyyətə əsaslanan addımlar” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Psixologiya kafedrasının dosenti Yamən Vəliyeva və bir qrup fəal tələbə iştirak edib. Yamən Vəliyevanın rəhbərliyi ilə baş tutan dəyirmi masada iştirakçılar hisslərin insan həyatının ayrılmaz bir hissəsi olduğunu və fəaliyyətimizdə aparıcı rol oynadığını qeyd ediblər. Y.Vəliyeva çıxışında hisslərin düzgün ifadə olunmadığı təqdirdə psixoloji problemlərə səbəb ola biləcəyini söyləyib. O, qeyd edib ki, düzgün ifadə olunmayan hisslər davranışlarımıza, qərarvermə prosesimizə və sosial münasibətlərimizə birbaşa təsir göstərir. Buna görə də özümüzü anlamaq və hisslərimizi ifadə etməklə biz emosional zəkamızı gücləndirə və münasibətlərimizi daha sağlam edə bilərik. Dəyirmi masada hisslərin sosial hadisələrin hansı sferada yüksək hisslər obyektinə çevrilməsindən asılı olaraq əxlaqi, intellektual, estetik və psevdohisslər formasında insanların fəaliyyətinə təsiri məsələləri müzakirə edilib və bu, tələbələrdə böyük maraqla qarşılanıb. Hisslərin ancaq insanlara məxsus olduğu və onların fəaliyyətini idarə etdiyi fikri də seminarda xüsusi müzakirə obyektinə çevrilib. Sonda qeyd edilib ki, hisslərimizin fərqində olmaq və onları idarə etmək daha sağlam və xoşbəxt bir həyat yaşamağa köməklik göstərir.