“İnsan ekologiyası yaşıl dünyada” mövzusunda Ümumrespublika elmi-praktik konfransı keçirilib.
Sosial elmlər və psixologiya fakültəsində 20 oktyabr 2024-cü il tarixində saat 11-00-də “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq “İnsan ekologiyası yaşıl dünyada” mövzusunda Ümumrespublika elmi-praktik konfransı keçirilib.
Neolit inqilabı dövründən başlayaraq insanla təbiət arasındakı münasibətlər keyfiyyətcə dəyişməyə başladı. İnsan fəaliyyəti nəticəsində təbiətdə maddələr dövriyyəsinin, ətraf mühitin xarakteri dəyişir. İnsanların ehtiyacları və tələbatları artdıqca ətraf mühiti də getdikcə daha çox böhrana uğrayır. Bütün bu məsələlər dövlətin sosial siyasətinin əsas istiqamətləri baxımından öz elmi-nəzəri təhlilini və real həyatda həllini gözləyir. Konfrans iştirakçıları cəmiyyətin bir çox sosial problemlərinin həlli ilə bağlı məsələləri araşdırmış, bu proseslərdə ekoloji dəyişikliklərin bütün idarəetmə səviyyələrində nəzərə alınmasını tövsiyə etmişlər. İştirakçılar bir çox ali məktəbləti təmsil etmiş, burada müəllimlər, doktorantlar və magistrantlar öz elmi bacarıqlarını nümayiş etmişlər.
İqlim dəyişikliyi problemi artıq lokal problem deyil: o, əsl qlobal böhrana çevrilib. Yer kürəsinin orta temperaturunun durmadan yüksəlməsi ilə iqlim dəyişikliyinin nəticələri getdikcə daha aydın görünür: biz təbii fəlakətlərin çoxalmasının, flora və faunanın bir çox növlərinin itirilməsinin, dəniz səviyyəsinin qalxmasının, insan tələfatının şahidi oluruq. Buna görə də iqlim dəyişikliyinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər təkcə prioritet deyil, həm də bəşəriyyətin sağ qalması üçün həyati şərtdir. İnsanların yaşamasının təmin edilməsi və rifahının yaxşılaşdırılması da sosial müdafiə siyasətinin əsasını təşkil edir.Konfrans materialları toplu şəklində artıq nəşr olunub.