“İrəvan Müəllimlər Seminariyası: Tarixilik və müasirlik” adlı konfrans keçirilib
Bakı Dövlət Universitetinin Sosial Elmlər və psixologiya fakültəsi Pedaqogika kafedrasının təşkilatçılığı ilə 23-24 noyabr 2022-ci il tarixində İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş “İrəvan Müəllimlər Seminariyası: Tarixilik və müasirlik” mövzusunda Ümumrespublika elmi-praktik konfransı keçirilib. Universitetin professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələrinin iştirakı ilə keçirilən seminarda Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov Cənubi Qafqazın maarifçilik hərəkatında İrəvan Müəllimlər Seminariyasının xüsusi yeri olduğunu bildirib. Azərbaycanın tanınmış alimlərindən biri, pedaqoji elmlər doktoru, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmovun akademik çıxışı dinlənilib. Daha sonra konfransda BDU - nun professoru Hikmət Əlizadə, professor əvəzi Məcid İsmixanov, ADPU - nin professoru Rüfət Hüseynzadə, professor Həsən Bayramov, ADPU -nin professoru İramin İsayev maraqlı elmi məqalələrlə çıxış ediblər.