"Jest dili" adlı seminar keçirilib
Sosial Elmlər və Psixologiya Fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günü”nə həsr olunmuş Jest dili seminarı keçirilib. Seminarda Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya Fakültəsi II kurs magistrantı, Eşitmə və Nitq məhdudiyyətlilərə Sosial Yardım İctimai Birliyinin koordinatoru və DOST agentliyinin əməkdaşı psixoloq, təlimçi Aytac Qədirova çıxış edib. Seminarın nəzəri hissəsində iştirakçılar “Jest və ya işarə dili”nin yaranma tarixi, tətbiqi həmçinin eşitmə və nitq məhdudiyyətli şəxslərlə ünsiyyətdə əsas qaydalarla bağlı məlumatlandırılıb. Seminarın praktik hissəsində isə Aytac xanımın təqdimatında iştirakçılara Azərbaycan Daktil Əlifbasının hərfləri və ilkin ünsiyyət işarə formaları göstərilib. Seminar tələbələrin suallarının cavablandırılması ilə yekunlaşdırılıb.