Kafedra müdiri Simpoziumda olub
Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının müdiri, dosent Kəmalə Pənahova Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Türkiyə Cümhuriyyəti Amasiya Universitetlərinin təşkilatçılığı ilə Ağdam rayonu Quzanlı qəsəbəsində “Şuşa ili”nə həsr edilən beşinci Beynəlxalq “Həmzə Nigari” Simpoziumunda iştirak edib. Simpoziumun keçirilməsində əsas məqsəd Həmzə Nigarinin fikir dünyası və həyatı ilə yanaşı, keçmişdən günümüzə gələn perspektivlər üzərindən Türk və İslam dünyası araşdırmalarını dəyərləndirmək idi.
Kəmalə Pənahova həmin simpoziumda “Mir Həmzə Seyid Nigarinin əsərlərində sufi mistik düşüncəsinin nümunələri” mövzusunda çıxış edib. O, qeyd edib ki, XIX əsrdə yaşamış mütəfəkkir şair Mir Həmzə Seyid Nigari Qarabağ əyalətinin Zəngəzur mahalının Cicimli kəndində anadan olmuş, Krım müharibəsində Şeyx Şamilin müridləri ilə birlikdə ruslara qarşı döyüşdüyü üçün doğma yurdunu tərk edərək, Türkiyəyə getmək məcburiyyətində qalmış, orada vəfat edərək Amasiyada torpağa tapşırılmışdır. Qəbri ziyarətgaha çevrilən şairin həyatı və fəaliyyəti hələ XIX əsrdə Türkiyə- Azərbaycan qardaşlığının, mənəvi birliyinin simvolu olmuşdur. Mir Həmzə Seyid Nigarinin yaradıcılığı XXI əsrdə də əsərlərini tədqiq edən Türkiyə və Azərbaycan alimlərini bir elm körpüsü ilə birləşdirir. K.Pənahova şairin türk və fars dillərində olan Divanında, “Həştbehiştnamə” əsərində və “Nigarnamə” məsnəvisində təsəvvüfün əsas fəlsəfi problemlərini, o cümlədən vəhdət əl-vücud təliminə əsaslanan fikirləri məharətlə ifadə etdiyini vurğulayaraq, nəzərə çatdırıb ki, Seyid Nigarinin əsərləri ilə tanış olmaqla təsəvvüf təliminin mahiyyətinə varmaq, bu mistik təlimin sirlərini daxilən hiss etmək mümkündür. Buna görə də nə qədər ki, cəmiyyətdə səmimiliyə, saflaşmağa, kamilləşməyə, sevgiyə ehtiyac vardır, Seyid Nigari təlimi və əsərləri insanlara xidmət edəcək və seviləcəkdir.
Əslən Qarabağdan olan Həmzə Nigariyə həsr olunan beşinci simpoziumun Ağdamın Quzanlı qəsəbəsində keçirilməsi konfrans iştirakçıları tərəfindən mühüm hadisə kimi qiymətləndirilib, növbəti simpoziumun Laçın rayonunun Cicimli kəndində keçirilməsi arzu edilib.
Konfransın iştirakçıları Ağdamda İmarət kompleksini, Cümə məscidini, Şəhidlər xiyabanını, Şahbulaq qalasını, indiyə qədər heç bir qrupun getmədiyi Xaçın su anbarını, Qara Pirim xanəgahını, Nigar nənə türbəsini ziyarət ediblər.