“Koqnitiv Psixologiya və Süni İntellekt: İnsan Fəaliyyətinin və Qərarvermə Mexanizmlərinin Təhlili” adlı elmi-metodik seminar keçirilib

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Psixologiya kafedrasının təşkilatçılığı ilə “Koqnitiv Psixologiya və Süni İntellekt: İnsan Fəaliyyətinin və Qərarvermə Mexanizmlərinin Təhlili” adlı elmi-metodik seminar keçirilmişdir. Seminar eklektik psixoterapiyanın supervayzeri, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəllimi David Poladov tərəfindən aparılmışdır.
Seminarda professor-müəllim heyəti, elmi işçilər, doktorantlar, magistratura və bakalavr tələbələri iştirak etmişlər. Tədbir müasir koqnitiv psixologiya çərçivəsində insan fəaliyyətinin və qərarvermə proseslərinin psixoloji mexanizmlərinin elmi təhlilinə, bu mexanizmlərin süni intellekt və informasiya texnologiyalarında istifadə olunan formal modellərlə əlaqələndirilmiş şəkildə izahına həsr olunmuşdur.
Seminarın birinci istiqaməti insan qərarverməsinin psixoloji strukturlarının araşdırılmasına yönəlmişdir. Bu istiqamətdə qərarvermə prosesində şüurlu və şüursuz idrak mexanizmlərinin qarşılıqlı rolu, avtomatlaşdırılmış idrak proseslərinin davranışın formalaşmasındakı funksiyası və koqnitiv resursların paylanması məsələləri elmi əsaslarla izah edilmişdir. Bu psixoloji mexanizmlər, süni intellekt sistemlərində istifadə olunan hesablama və model əsaslı yanaşmalarla metodoloji paralellər kontekstində şərh edilmiş, insan idrakının formallaşdırılmış təsvir imkanları müzakirə olunmuşdur.
İkinci istiqamət çərçivəsində qərarvermə proseslərinə təsir edən idrak qərəzləri (bias) koqnitiv psixologiyanın əsas anlayışlarından biri kimi təhlil edilmişdir. İnsanda qərəzlərin idrak yükünü azaltmağa və qeyri-müəyyən şəraitdə davranışı tənzimləməyə xidmət edən mexanizmlər olduğu vurğulanmışdır. Eyni zamanda bu anlayışın süni intellekt sistemlərində istifadə olunan verilənlər və modellərlə əlaqəli tətbiqləri kontekstində, psixoloji məna ilə texniki yanaşmalar arasındakı fərqlər izah edilmiş, terminoloji və metodoloji dəqiqliyin əhəmiyyəti xüsusi olaraq qeyd edilmişdir.
Üçüncü istiqamətdə qərarvermənin psixoloji baxımdan yalnız alternativlər arasında seçim deyil, eyni zamanda mənalandırma, kontekstual dərk və subyektiv qiymətləndirmə ilə müşayiət olunan çoxsəviyyəli idrak prosesi olduğu vurğulanmışdır. Bu çərçivədə insan qərarverməsinin emosional və semantik komponentləri koqnitiv psixologiyanın əsas tədqiqat obyektləri kimi təqdim edilmiş, süni intellekt modellərinin isə bu proseslərin müəyyən aspektlərinin analitik və texnoloji modelləşdirilməsində istifadə oluna bilən alətlər kimi dəyərləndirildiyi qeyd edilmişdir.
Seminarın sonunda insan qərarvermə mexanizmlərinin psixoloji təhlilinin süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda daha da aktuallaşdığı, koqnitiv psixologiyanın bu sahədə konseptual çərçivə və metodoloji istinad nöqtəsi kimi mühüm rol oynadığı vurğulanmış, mövzu üzrə gələcək elmi tədqiqat və multidissiplinar əməkdaşlıq perspektivləri qeyd edilmişdir.