KORREKSİYAEDİCİ TƏLİM İXTİSASININ TƏLƏBƏLƏRİ TƏDRİS TƏCRÜBƏSİNDƏ
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Korreksiyaedici təlim ixtisasında təhsil alan IV kurs tələbələrinin Nitq İnkişaf Mərkəzində tədris təcrübəsi davam edir. Tələbələrin təcrübə rəhbəri Pedaqogika kafedrasının dosenti, pedaqogika elmləri doktoru Elza Mollayevadır. Tədris təcrübəsi zamanı tələbələr müxtəlif ixtisaslı mütəxəssislər tərəfindən (loqoped, psixoloq, duyu bütünləmə, müalicəvi idman terapiyası, pedaqoq) fərqli diaqnozlar qoyulmuş uşaqlarla aparılan seanslarda həm müşahidəçi, həm də iştirakçı qismində çıxış edirlər.
Təcrübəçi tələbələr mərkəzdə uşaq serebral iflici, Autizm spektr pozuntusu, Oliqofren, Daun, Nitq ləngiməsi, Psixi inkişaf ləngiməsi, Hiperaktiv, Diqqət Əksikliyi, Nitq pozuntuları və Davranış pozuntularından əziyyət çəkən uşaq və yeniyetmələrlə aparılan işlərlə tanış olurlar. Onlar təcrübə keçdikləri müddət ərzində mütəxəssislərin müxtəlif pozuntulardan əziyyət çəkən uşaqların müayinə və müalicəsi zamanı istifadə olunan alət və vasitələrlə (masaj zondları, gimnastika və səs zondları, tape yapışdırma) iş prinsiplərini mənimsəyirlər.
Tələbələr həmçinin motorikası zəif olan uşaqlarla aparılan motorika və müalicəvi idman dərslərində iştirak edir, böyük motorikanın və əzələlərin gücləndirilməsi məqsədilə aparılan idman dərslərində olurlar. Təcrübəçi tələbələr uşaqlarda və böyüklərdə yaranan nitq qüsurlarının korreksiyasında əhəmiyyətli dərəcədə müsbət təsir göstərən denas cihazı ilə tanış olublar. Onlar bu cihazın köməyilə kəkələmə, tonus, hipertonus, üz əzələlərinin qıcolması və.s problemlərinin həlli ilə bağlı geniş məlumat əldə edirlər.
Təcrübəçi tələbələr nitq orqanlarının fəaliyyətini gücləndirən Forbrain aparatı ilə tanış olublar, müxtəlif pozuntuları olan uşaqlarla iş üsulunu və bu cür uşaqların dərs prosesinə adaptasiya edilməsi yollarını öyrənirlər. Tələbələr müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlarla aparılan dərslərin sonunda valideynlərə məlumatlandırmaqvə onlara ev tapşırıqlarını yerinə yetirməklə bağlı üsulları öyrəniblər.