LİDERLİK MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Sosiologiya kafedrasının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Liderlik-Heydər Əliyevin nümunəsində” adlı dəyirmi masa keçirilib.
Liderlik mövzusuna həsr olunmuş dəyirmi masada Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov, Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova, Sosial elmlər və psixologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini Qızılgül Abbasova, Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova, Sosiologiya kafedrasının dosentləri Tahir Ağayev və Sevil İsmayılova, müəllim Natavan Nəcəfova iştirak ediblər.
İştirakçılar əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dəyirmi masa iştirakçıları “Lider doğulur, yoxsa liderlik keyfiyyətləri sonradan formalaşır?, Liderliyin növləri”, “Liderlik fəaliyyətində uzaqgörənlik və natiqlik qabiliyyətlərinin rolu” və s. suallar ətrafında müzakirə aparıblar.
Sosiologiya kafedrasının müdiri professor Rəfail Həsənov dahi şəxsiyyət Heydər Əliyevin nümunəsində liderlik fenomeninin sosial-fəlsəfi məzmunu haqqında məlumat verib. O, daha sonra liderliyi hər hansı bir şəxsin və ya bir qrup insanın bir təşkilatın, komandanın və ya cəmiyyətin ardıcıllarına, üzvlərinə təsir etmək və onları istiqamətləndirə bilmək qabiliyyəti kimi dəyərləndirib. Kafedra müdiri Heydər Əliyevin daim xalqın içərisində olan, müxtəlif peşə sahibləri ilə səmimi münasibətlər yaradan, maraq dairəsi son dərəcə geniş olan kompetentli bir şəxsiyyət olduğunu bildirib. O, daha sonra deyib: “Heydər Əliyev hər hansı şəxs – fəhlə, kəndli, sahibkar, incəsənət adamı, rəhbər kadrlarla ünsiyyətdə olduqda onların problemlərinə dərindən bələd olması ilə diqqəti cəlb edirdi. Müstəqil Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdə Milli Məclisdə, cəmiyyətdə konfliktlərin baş alıb getdiyi bir dövrdə o, müxtəlif münaqişələri son dərəcə dəqiqliklə həll edirdi. Nəticədə xalqı öz ətrafında birləşdirməklə, Heydər Əliyev artıq 1990-cı illərin sonuna yaxın ölkədə sabitliyi təmin etmiş oldu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin bağlanmasının hansı çətinliklər bahasına başa gəlməsini də yada sala bilərik. Ünlü lider, yerində sərt və mülayim davranmağı ustalıqla bacaırırdı. Belə ki, hər hansı bir qərarın həyata keçirilməsi yersiz müqavimətlə qarşılaşdıqda o, sərt addımlar atır, onun həyata keçirilməsini təmin etməyi bacarırdı. Lakin onun incəsənət xadimləri ilə görüşləri Ulu Öndərin necə səmimi, mülayim, yumor hissinə malik olan insan olduğunu bizə açıb göstərirdi”.
Fakültənin Elmi işlər üzrə dekan müavini Qızılgül Abbasova öz çıxışında bildirib ki, liderlik keyfiyyətlərinin çoxu, o cümlədən natiqlik, inandırma bacarığı, möhkəm iradə, fenomenal yaddaş Milli Lider Heydər Əliyevə məxsus idi. O, daha sonra bildirib ki, müəllimlərin ümdə vəzifəsi gənclərdə ölkəmizin işıqlı gələcəyi naminə ictimai işlərdə fəal iştirak edən, yüksək peşəkar bacarıqlara malik kadrlar hazırlamaqdan ibarət olmalıdır.
Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova çıxışında Heydər Əliyevin xalqın böyük lideri olduğunu, Azərbaycan xalqının ən çətin vəziyyətlərində ona yol göstərərək, ləyaqətlə ardınca apara bildiyini vurğulayıb. Kafedra müdiri Ümummilli liderin həm də yaşından və vəzifəsindən asılı olmayaraq hər kəslə səmimi münasibət qura bilmək bacarığına, sadə zəhmət adamları ilə öz dilində danışmaq qabiliyyətinə malik olduğuna görə xalq tərəfindən daha çox sevildiyini qeyd edib.
Sosiologiya kafedrasının dosenti Tahir Ağayev Heydər Əliyevin yüksək liderlik məharətindən danışıb, onun sadə zəhmət adamlarına olan səmimi münasibətlərinə həsr olunmuş xatirələrini dilə gətirib. Tahir Ağayev Ümummili liderin fəaliyyəti dövründə verdiyi cəsarətli, çevik və rasional qərarlar haqqında danışıb, onun ən çətin situasiyalarda optimal çıxış yolu tapmaq məharətini qeyd edib.
Müəllim Natavan Nəcəfova çıxışında siyasi liderlər üçün səciyyəvi olan cəhətlərdən danışıb. O, qeyd edib ki, siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə təsir göstərmək və ya onu qabaqlamaq bacarığı kimi yüksək keyfiyyətlər Ulu Öndər Heydər Əliyevə məxsus ən yüksək keyfiyyətlərdəndir.
Sosiologiya kafedrasının dosenti Sevil İsmayılova çıxışında bildirib ki, rəhbərlik etdiyi bütün dövrlərdə qanunçuluğa tapınan Heydər Əliyev respublikada əliəyriliyə, rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsi hallarına qarşı kəskin mübarizə aparmışdır. Bütün bunlar isə respublika ictimaiyyətində nikbinliyi, sabaha inamı artırmışdır.
Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova Ümummilli liderin istər ailədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qaldığını bildirmiş, Ulu öndərin idarəçiliyinin bütün mərhələlərində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olmasını onun zəngin mənəviyyatından rişələndiyini qeyd etmişdir.