İSPANİYALI PROFESSOR FAKÜLTƏDƏ QONAQ OLUB
Madridin Komplutense Universitetinin Psixologiya fakültəsinin professoru Sara Esteban Qonzalo Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə müraciət edib. O, Bakı Dövlət Universitetində psixologiya sahəsində çalışan həmkarları ilə səmimi elmi əlaqələr yaratmaq arzusunda olduğunu bildirib. BDU-nun rektoru onun müraciətinə müsbət cavab verib.
BDU-ya səfəri zamanı onun bu istəyi həyata keçirilib. Belə ki, Sara Qonzalo Sosial elmlər və psixologiya fakültəsinin dekanı və əməkdaşları tərəfindən son dərəcə səmimi qarşılanib, o cümlədən fakültənin Psixologiya, Gender və tətbiqi psixologiya kafedralarının qonağı olub. Sara Qonzalo əsasən gender problemləri ilə maraqlandığı üçün Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova və Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva ilə görüşüb, hər iki kafedranın əməkdaşları ilə elmi fikir mübadiləsi aparıb.
Sara Qonzalo həmkarları ilə görüşdən böyük məmnunluq hissləri keçirdiyini bildirib, gələcəkdə universitetlərarası elmi əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Görüşün sonunda Gender və Tətbiqi Psixologiya kafedrasının və Psixologiya kafedrasının əməkdaşları Sara Qonzalonu Bakının görməli yerləri ilə tanış ediblər.