MƏHƏMMƏD FÜZULİNİN 530 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova, Filologiya fakültəsi Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Lalə Əliyeva, Sosial elmlər və psixologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Xədicə Məmmədova və TGT fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açıq elan edən N.Kərimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamın xalqımızın zəngin ədəbi-mədəni irsinin qorunub-saxlanılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Dekan müavini Azərbaycan ədəbi dilinin yaradıcılarından biri sayılan Məhəmməd Füzulinin Azərbaycan, ərəb və fars dillərində qələmə aldığı əsərlərin poetik bənzərsizliyindən danışıb.
Daha sonra Filologiya fakültəsinin dosenti Lalə Əliyeva çıxış edərək bildirib ki, respublikamız müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi, Azərbaycan ədəbiyyatında da qaranlıq qalmış bəzi məqamlara aydınlıq gətirilib. Füzuli yaradıcılığına həsr olunmuş elmi tədqiqatlar haqqında məlumat verən L.Əliyeva qeyd edib ki, sovetlər dönəmində Məhəmməd Füzulinin əsərləri o dövrün ideoloji sistemi çərçivəsində təhrif edilib, şairin dini-fəlsəfi əsərləri diqqətdən kənarda saxlanılıb. L.Əliyeva bildirib ki, müstəqillik əldə etdikdən sonra Füzuli irsinin daha dərindən və doğru-dürüst araşdırılması üçün Azərbaycan filoloqları qarşısında yaşıl işıq yandırılıb. O, qeyd edib ki, hazırda aparılan tədqiqatlar zamanı şairin indiyə qədər geniş oxucu kütləsinə məlum olmayan əsərləri üzə çıxarılır, onun sosial-fəlsəfi, həmçinin dini görüşləri heç bir yaradıcılıq məhdudiyyəti qoyulmadan tədqiq edilir. Tədbirin sonunda tələbələr - Zemfira Babayeva, Aytac Musalı və Lətifə Musayeva Füzulinin məşhur qəzəllərini söyləyiblər. Diskussiya şəraitində davam edən tədbir tələbə və müəllimlər tərəfindən maraqla qarşılanıb.