“MƏNİM ATAM QƏHRƏMANDIR” ADLI TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsində I kurs tələbələrinin iştirakı ilə “Mənim atam qəhrəmandır” adlı tədbir keçirilib. Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra fakültə dekanı Rövşən Cavadov tədbiri giriş nitqi ilə açaraq bildirib ki, nəhəng dövlətlər daim öz maraqları naminə müharibə alovunu qızışdırmaqla xalqlar arasında düşmənçilik və ədavət toxumu səpir, nəticədə milyonlarla günahsız insanın qətlə yetirilməsinə səbəb olurlar. Azərbaycan da belə məkrli siyasətin qurbanlarından biri olub, I və II Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda haqq savaşına qoşulan minlərlə həmvətənlimiz şəhid olub, milyonlarla günahsız insanımız öz dədə-baba torpaqlarından qovulub, yüzlərlə ailədə uşaqlar atasız qalıb.
R.Cavadov gənclərə müraciət edərək deyib: “Ata-babalarımızın canları, qanları bahasına azad etdikləri Müstəqil Azərbaycan onlardan bizlərə bir əmanətdir. Bu əmanəti göz bəbəyi kimi qorumaq, ölkəmizin adını daim uca tutmaq, onun mənafeyini müdafiə etmək üçün sizlər səylə çalışmalı, yüksək təhsil almalısınız. Məhz bu yolla siz əcdadlarınızın irs qoyub getdiyi vətənə öz borcunuzu vermiş olacaqsınız”.
Daha sonra Sosial elmlər və psixologiya fakültəsində müxtəlif ixtisaslar üzrə təhsil alan I kurs tələbələri I və II Qarabağ Müharibəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış valideynləri, şəhid olmuş əmiləri, dayıları və yaxın qohumları haqqında məlumat veriblər, onların şərəfli həyat yolundan danışıblar.
Sosial iş ixtisası üzrə I kurs tələbəsi Gülnur Zöhrablı I Qarabağ müharibəsi iştirakçısı, III dərəcəli əlil olan atası ilə qürur duyduğunu, onun adına layiq savadlı, yüksək təhsilli bir övlad olacağını deyib. G.Zöhrablının ixtisasca həkim olan əmisi oğlu da Qarabağ uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.
Daha sonra Sosial iş ixtisası üzrə I kurs tələbəsi Canan İbrahimova Qarabağ qazıləri olan atası və əmisinin döyüş xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb, digər əmisinin şəhid olduğunu söyləyib.
Fəlsəfə ixtisası üzrə I kurs tələbəsi Xədicə Tağıyeva Qarabağ qazısı olan atası ilə qürur duyduğunu bildirib.
Zəhra Nəcəfzadə Kəlbəcərdə həlak olmuş nənə-babası haqqında ağrılı hekayəni valideynlərindən eşitdiyini bildirib, bu xatirələrin onda dərin hisslər doğurduğunu söyləyib, əzizlərinə həsr etdiyi şeiri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Təhsildə Sosial Psixoloji Xidmət ixtisasının birinci kurs tələbəsi Camalə bir ailənin iki şəhid üzvü olan dayıları - Tahir və Mahir qardaşları haqqında anasının dilindən eşitdiyi xatirələri tələbə yoldaşlarına söyləyib.
Korreksiyaedici təlim ixtisası üzrə I kurs tələbəsi Rəşidova Mehriban I Qarabağ müharibəsində şəhid olmuş əmisinin qəhrəmanlığından ürək dolusu söz açıb.
Sosial iş ixtisasının tələbəsi Aysun Məmmədova isə yaxın qohumları Barat və Faiqin Qarabağ uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərdiklərini və şəhadətə yüksəldiklərini söyləyib.
Sosiologiya ixtisası üzrə I kurs tələbələri Aysu Abdullayeva babasının, İradə Əliyeva isə əmisinin döyüş yolu haqqında danışdıqları xatirələr tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.