MONOQRAFİYANIN TƏQDİMATI KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrasının əvəzçiliklə baş müəllimi Heydər Aslanovun “Гендер Бога. Экзегетические наброски” (“İlahiyyatın genderi. Ekzegetik qeydlər”) adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, fakültənin bir qrup müəllim və tələbə heyəti iştirak edib.
Öncə söz Heydər Aslanova verilib. O, müəllifi olduğu monoqrafiyanın qısa məzmunu ilə tədbir iştirakçılarını tanış edib. Monoqrafiyanın auditoriya ilə diskussiyalı şəkildə davam edən təqdimatı müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Daha sonra Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova çıxış edib. O, Heydər Aslanovun oxucuların müzakirəsinə təqdim etdiyi monoqrafiya haqqında xoş sözlər söyləyib. Kafedra müdiri məhdud oxucu auditoriyasının başa düşəcəyi bir üslubda yazılmış əsəri tələbələr üçün qiymətli mənbə adlandırıb.
Gender və tətbiqi psixologiya kafedrasının saathesabı müəllimi Qorxmaz Vəliyev Heydər Aslanovun “Гендер Бога. Экзегетические наброски” (“İlahiyyatın genderi. Ekzegetik qeydlər”) adlı monoqrafiyasının psixologiya elmi üçün çox dəyərli bir əsər olduğunu qeyd edib, müəllifə bu sahədə elmi araşdırmalarını davam etdirməyi tövsiyə edib.
Sosial iş kafedrasının dosenti Rəna Məmmədova çıxış edərək bir vaxtlar ona dərs demiş Heydər Aslanovun nəcib müəllimlik xüsusiyyətləri haqqında danışıb. O, H.Aslanova elmi fəaliyyətində yaradıcılıq uğurları arzulayıb.
Fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova orijinal üslubda yazılmış monoqrafiyanın bir çox müsbət xüsusiyyətlərindən bəhs edib. Dekan müavini qeyd edib ki, əsəri əldə etmək istəyənlər Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Kitab evi”nə, o cümlədən “Libraf” və ”Əli və Nino” mağazalar şəbəkəsinə müraciət edə bilər. Nəzakət Kərimova sözügedən kitabın tələbələrə müəllif tərəfindən pulsuz hədiyyə edildiyini bildirib.