Müəllimlər konfransda iştirak edib
26 yanvar 2023-cü il tarixində “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd genderyönümlü pedaqogika sahəsində beynəlxalq təcrübəni öyrənmək, aidiyyəti qurumların və mütəxəssislərin iştirakı ilə əməkdaşlıq platforması yaratmaqdan ibarət olub. Konfransın təşkilində qarşıya qoyulan digər məqsədlər məzmunca genderyönümlü pedaqoji kadr hazırlayan ali və orta təhsil müəssisələrində ilkin pedaqoji və ixtisasartırma təhsilinin kurukulumuna inteqrasiya etmək və genderyönümlü təhsil mühitinin inkişafını təşviq etməkdir.
Sözügedən konfransda Bakı Dövlət Universitetinin (BDU) Gender və tətbiqi psixologiya kafedrasının bir qrup əməkdaşı iştirak edib. Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi, BMT-nin Əhali Fondu, BMT-nin Qadınlar üzrə Agentliyi tərəfindən Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında icra olunan “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində bugünədək Təhsil İnstitutu ilə birgə genderyönümlü pedaqogika üzrə yeni məzmun və təlimçilər hazırlanıb. Layihənin hədəf regionları olan Bakı, Gəncə və Lənkəran şəhərlərində orta və ali təhsil müəssisələrində çalışan 400 müəllim həmin məzmun üzrə təlimləndirilib, təbliğat-təşviqat tədbirləri həyata keçirilib.