MÜLKİ MÜDAFİƏ HAQQINDA MAARİFLƏNDİRİCİ TƏDBİR
Bakı Dövlət Universiteti (BDU) Sosial Elmlər və Psixologiya fakültəsində “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda tədbir keçirilib. Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova və fakültənin Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Dekan müavini Nəzakət Kərimova Bakı Dövlət Universitetinin (BDU) iki saylı tədris korpusunun təmirdən yeni çıxdığını, səliqəli və işıqlı auditoriyaların tələbələrin istifadəsinə verildiyini və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün auditoriyalarda hər cür şəraitin yaradıldığını bildirib. O, ağıllı lövhə və digər texniki avadanlıqlarla təhciz edilmiş auditoriyalarda müəllimlərin tədris etdikləri fənləri daha da səmərəli təşkil etmək üçün yüksək şərait yaradıldığını, eyni zamanda tələbələrin yeni nəsil avadanlıqlardan istifadə etmək imkanı qazandıqlarını qeyd edib.
Dekan müavini iki saylı tədris korpusunda aparılan əsaslı təmir işlərindən sonra baş verə biləcək hadisələrin (yanğın, zəlzələ və s.) aradan qaldırılması üçün yüksək şərait yaradıldığı, binada yanğın təhlükəsindən xəbər verən həssas cihazların quraşdırıldığı, fövqəladə hallarda tələbələrin təhlükəsiz təxliyyəsi üçün binanın ehtiyat çıxış pilləkənlərinin işlək hala gətirildiyi haqqında tələbələrə məlumat verib.
Dekan müavini tələbələrə ictimai mülkiyyətə qayğı ilə yanaşmağı tövsiyə edib, onları auditoriya və dəhlizlərdə sosial davranış normalarına əməl etməyə çağırıb və ictimai yerlərdə tütün məhsullarından istifadənin yolverilməz olduğunu başa salıb.
Daha sonra Fəlsəfə ixtisası üzrə III kurs tələbəsi, Fövqaladə Hallar Nazirliyinin “Gənc Mülki Müdafiəçilər” proqramının məzunu Elkin Kərimova söz verilib. E.Kərimov fövqəladə hadisələr - yanğın, sel, subasma, terror aktları, zəlzələ və s. zamanı davranış qaydaları haqqında tələbələrə məlumat verib. E.Kərimov daha sonra mülki müdafiənin əsas predmeti və mülki əhalinin özünü müdafiə yolları haqqında maarifləndirici video-çarxlar nümayiş etdirib. Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona çatıb.