“Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib
Sosial elmlər və psixologiya, Biologiya və Kimya fakültələrinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya YOX deyək!” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd tələbə gəncləri psixoaktiv maddə istifadəsinin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarət olub.
Əvvəlcə Dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Dövlət Universiteti Biologiya fakültəsinin dekanı Afət Məmmədova tədbiri giriş sözü ilə açıq elan edərək, müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən danışıb. O, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyini qeyd edib.
Tədbirdə ehtiyyatda olan polis polkovniki Adıgözəl Adıgözəlov, Bakı şəhəri Narkoloji Mərkəzin narkoloq-həkimi Fəzail Sadıqov, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli, Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Diyanə İbrahimova və həmin fakültənin IV kurs tələbəsi Ayşən Qəribova mövzu ilə bağlı çıxış ediblər.
Məruzəçilər cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün törətdyi təhlükələrdən danışıblar. Onlar gənclər arasında psixoaktiv maddə asılılığı problemi ilə bağlı hüquq pozuntularının profilaktikası, psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılıq problemləri, asılılığın başvermə səbəbləri, psixoaktiv maddələrin kimyəvi tərkibi və yaratdığı fəsadlar haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Çıxış edənlər narkomaniyanın dilindən, dinindən, irqi mənsubiyyətindən və sosial vəziyyətindən asılı olmayaraq bütün planet sakinləri üçün təhlükəsindən danışıblar. Onlar narkomaniyanın cinayətkarlığa, zorakılığa və korrupsiyaya yol açdığını bildirərək, bu bəlanın hazırda ciddi qlobal problemə çevrildiyini qeyd ediblər. Məruzəçilər narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdikləri, daim aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmədkilərini tədbir içtirakçılarının nəzərinə çatdırıblar. Tələbələrin çoxsaylı sualları qonaqlar tərəfindən cavablandırılıb.