NEYROMARKETİNQ VƏ SATIŞ PSİXOLOGİYASININ ELMİ ƏSASLARI MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLİB

26 may 2025-ci il tarixində Bakı Dövlət Universiteti (BDU) Sosial Elmlər və Psixologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Neyromarketinq və satış psixologiyasının elmi əsasları” mövzusunda elmi seminar keçirilib. Seminarda Psixologiya kafedrasının saathesabı müəllimi Cavad Cavadov çıxış edərək müasir marketinqin psixoloji və neyropsixoloji əsasları haqqında tələbələrə məlumat verib. O, informasiya bolluğu və alıcı davranışlarının sürətlə dəyişdiyi bugünkü dövrdə ənənəvi marketinq yanaşmalarının artıq qənaətbəxş olmadığını bildirib. Cavad Cavadov buna görə də neyromarketinqi, yəni insan beyninin qərarvermə və davranış mexanizmlərinə əsaslanan satış strategiyalarını müasir dövrün ən aktual yanaşmalarından biri hesab edib. Təlimdə neyromarketinqin tərifi və klassik marketinq yanaşmalarından əsas fərqləri, beyin və davranış arasında qarşılıqlı əlaqə: qərarvermə prosesində emosional və təfəkkür proseslərinin cavabların rolu, satışın elmi əsasları və psixoloji təsir mexanizmləri, neyromarketinq sahəsində istifadə olunan texnoloji cihazlar (EEG, fMRI (MRT), GSR , Eye tracking) mövzuları ətrafında geniş müzakirələr aparılıb.
Seminarın sonunda fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Seyidfatimə Abbasovanın moderatorluğu ilə interaktiv sual-cavab sessiyası keçirilib. İştirakçılar öz suallarını təqdim edərək elmi bilikləri praktiki vəziyyətlərlə əlaqələndirib və geniş müzakirələr aparıblar.