“NƏZƏRİYYƏDƏN PRAKTİKAYA”

25-26 noyabr tarixlərində Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının təşkilatçılığı ilə professor Əkbər Bayramovun 95 illik yubileyinə həsr olunmuş “Nəzəriyyədən praktikaya” mövzusunda respublika elmi konfransı yekunlaşmışdır.
Noyabrın 26-da konfransın ikinci günü 7 bölmə üzrə panel iclaslar ilə davam etmişdir. “Sosial-psixoloji problemlərin tətbiqi aspektləri”, “Müasir cəmiyyətdə identiklik problemi”, “Psixi sağlamlıq cəmiyyətin aktual problemi kimi”, “İdrak proseslərinə müasir baxış”, “Qərbi Azərbaycan və işğaldan azad olunmuş torpaqlara qayıdışın sosial və psixoloji məsələləri”, “Ailə və cəmiyyətdə hüquqi-psixoloji problemlər” və “Müasir təhsil: problemlər, vəzifələr və perspektivlər” bölmələri üzrə məruzəçilər çıxışlar etmişdir.
Panel iclaslarda Psixologiya kafedrasının müdiri professor Səxavət Əliyeva, professor Rəna Qədirova, professor Elnarə Şəfiyeva, professor İmdad Bayramov, dosent Aydan Səməndərova, dosent Təranə Babayeva, dosent Sevinc Allahyarova, dosent Yamən Vəliyeva, dosent Sevinc Quliyeva, Nigar Nəsirova, Pedaqogika kafedrasının müdiri professor Ləzifə Qasımova, kafedranın doktorant və magistrantları, həmçinin konfransa məruzə təqdim edən qonaqlar iştirak etmişdirlər.
Çıxışlarda müasir dövrümüzdə aktual olan məsələlər müzakirə olunmuş, maraqlı mövzular ətrafında diskusiyalar aparılmışdır. Kafedranın magistrant və doktorantları elmi-praktik əhəmiyyətli mövzularla çıxış etmişdirlər. Kafedranın doktorantı Aytən Mütəllimzadə “Kiberbullinq və onun idrak funksiyalarına təsiri” adlı məruzəsi ilə çıxış etmişdir. Müasir dövrdə kibertəhlükəsizlik məsələləri, kibertəhlükələrə qarşı rəqəmsal savadlılıq və düzgün onlayn davranış qaydalarının öyrədilməsi müzakirə olunmuşdur. Kafedranın doktorantı Aygün Sultanova “Posttravmatik stress pozuntusu olan şəxslərə psixoterapevtik müdaxilənin elmi və klinik əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir.
Panel iclaslarında kafedranın magistrantları Minagül Əliyeva, Nəzrin Ağazadə, Nərmin Əzimova, Südabə Salmanzadə, Abuhəyat Quliyeva və Kamran Quliyev bölmələr üzrə aktual mözvularda məruzələrlə çıxış etmiş və müzakirələr aparmışdırlar.
Panel iclaslarda çıxış edən məruzəçilərin sertifikatla təltif olunacağı, Əkbər Bayramovun 95 illik yubileyinə həsr olunmuş mötəbər konfransın materiallarında ən layiqli məruzələrin dərc ediləcəyi diqqətə çatdırılmışdır.