“PEDAQOGİKA ELMİ VƏ MÜASİRLİK” adlı konfrans keçirilib
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Pedaqogika elmi və müasirlik” mövzusunda Respublika elmi konfransı keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra konfrans iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov konfransı giriş sözü ilə açıq elan edib. O, bildirib ki, Ulu öndər Heydər Əliyevin söylədiyi kimi təhsil cəmiyyətin intellektual cəhətini əks etdirən bir sahədir. Ona görə də təhsil sisteminə son dərəcə diqqətlə yanaşmaq lazımdır. Ümummilli liderin qeyd etdiyi kimi təhsil sisteminə münasibət çox həssas olmalıdır. Fakültə dekanı nitqinin sonunda konfransın işinə uğurlar arzulayıb.
Pedaqogika kafedrasının professoru N.Muxtarova “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq ideologiyası konsepsiyası” mövzusundakı çıxışnda Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb.
ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Müseyib İlyasov “Pedaqoji təhsildə magistr hazırlığının təkmilləşdirilməsi istiqamətləri” adlı məruzəsində magistr hazırlığı ilə bağlı bir sıra nöqsanları qeyd edib. Xüsusən də magistr dissertasiya işlərinin yazılması istiqamətində empirik məlumatların əldə edilməsi üçün müvafiq baza müəssisələrinin olmamasını qeyd edib.
ADPU-nun İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Fərrux Rüstəmovun “Təlimdə uğur qazanmağın tək səbəbi: uşağa sevgi və inam” s. adlı məruzəsində təhsil prosesində şagird-müəllim münasibətlərinin qurulmasında özünü büruzə verən bəzi nöqsanları qeyd etməklə bərabər, onların aradan qaldırılması istiqamətində istifadəyə faydalı ola biləcək yol və vasitələrlə bağlı geniş çıxış edib. 22 may tarixində öz işinə başlayan konfrans bölmə iclasları ilə bu gün də davam edir.