Pedaqogika kafedrasında elmi seminar keçirilib
İrəvan müəllimlər seminariyasının 140 illiyi ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq Sosial elmlər və psixologiya fakültəsində tədbirlər silsiləsi nəzərdə tutulub. Həmin tədbirlərdən biri artıq həyata keçirilib. Pedaqogika kafedrasında “İrəvan müəllimlər seminariyası: İrəvan-Naxçıvan-Təbriz ictimai maarifçilik mühitinin formalaşmasının prioritetləri” mövzusunda TEAMS platformasında elmi seminar keçirilib.
İrəvan Müəllimlər Seminariyasının inkişafı, onun bölgənin ictimai-siyasi və mədəni həyatında oynadığı rolu barədə prof. Həsən Bayramov çıxış edib. Daha sonra prof. Ləzifə Qasımova, prof. Hikmət Əlizadə, dos. Kəmalə Qəhrəmanova, dos. Elza Mollayeva, dos. Rəfiqə Bəxtiyarova və digər iştirakçılar tərəfindən Müəllimlər Seminariyasının iş rejimi, onun strukturu, aparılan dərslər, onların texnologiyaları, İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dili və şəriət (dini) dərslərin aparılma zərurəti və s. məsələlər ətrafında fikir mübadiləsi aparıldı və təkliflər səsləndirilib.
Çıxışda qoyulan prioritet məsələlər İrəvan Müəllimlər Seminariyasının iş üslubu, keçirilən dərslər və onların müasir dövrlə uzlaşdırılması, İrəvan Müəllimlər Seminariyasının fəaliyyəti ilə bağlı qarşıda duran məsələlər, Müəllimlər Seminariyasında dərs deyən müəllimlər, onun bağlanma səbəbləri, Qori Müəllimlər Seminariyası məzunlarının oradakı fəaliyyətləri olub.
Əldə olunan elmi nəticələr və tədqiqatın verə biləcəyi iqtisadi səmərə pedaqogika tarixinin zənginləşdirilməsi, bu problemin tədqiqat obyektinə çevrilməsinə nail olmaqdan ibarətdir.