PEDAQOGİKA KAFEDRASININ PROFESSORUNUN 85 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Pedaqogika kafedrasının professoru Məcid Abdulla oğlu İsmixanovun 85 yaşı tamam olub. Pedaqogika kafedrasının təşəbbüsü ilə M.İsmixanovun yubiley tədbiri keçirilib. Tədbirdə fakültə dekanı Rövşən Cavadov və dekan müavinləri, kafedranın professor-müəllim heyəti iştirak edib. Rövşən Cavadov çıxış edərək yubilyarı təbrik edib. O, Azərbaycan təhsilində, müəllim kadrların hazırlığında və pedaqogika elminin inkişafında Məcid İsmixanovun mühüm xidmətlərinin olduğunu qeyd edib: ”85 illik ömrünün 63 ilini təhsilə, pedaqoji kadr hazırlığına sərf edən Məcid müəllimin pedaqoji fəaliyyətinin 48 ili Bakı Dövlət Universiteti ilə bağlı olub. Bacarıqlı müəllim, məhsuldar alim kimi keyfiyyətlərə malik olan Məcid İsmixanovun indiyə qədər 12 dərslik və dərs vəsaiti, 10 tədris-metodik vəsaiti, 5 monoqrafiyası, 300-dən çox elmi məqaləsi işıq üzü görüb”.
Daha sonra Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova çıxış edərək professor Məcid İsmixanovun ali məktəbin pedaqoji yönümlü ixtisasları üzrə qriflə nəşr olunmuş “Didaktika”, “Pedaqogikanın əsasları”, “Pedaqoji etika”, “Sosial pedaqogika”, “Təhsilin əsasları”, “Ali məktəb pedaqogikası”, “Məktəbin idarə edilməsi”, “Pedaqogika”, “Higher school pedagogy”, “Pedaqoji terminlərin izahlı lüğəti”, “Müəllimlik ixtisasına giriş”, eləcə də “Ümumtəhsil məktəblərinin I sinifləri üçün “Azərbaycan dili (Dövlət dili kimi)” fənni üzrə dərslik və dərs vəsaitlərinin mütəxəssislər və müəllimlər tərəfindən yüksək dəyərləndirildiyini bildirib. O, daha sonra deyib: “Nümunəvi müəllim, elm və təhsil işçisi olan Məcid İsmixanov Bakı Dövlət Universitetinin və Sosial elmlər və psixologiya fakültəsinin elmi-pedaqoji və ictimai həyatında fəal iştirak edir. O, uzun müddət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Pedaqogika və psixologiya üzrə Elmi-Metodik Şurasının elmi katibi, Nazirliyin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalı və onun əlavəsi kimi nəşr edilən “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnallarının redaksiya heyətinin, habelə Rusiya Pedaqoji Elmlər Akademiyası Didaktika üzrə Elmi-Problem Şurasının, Respublika Jurnalistlər Birliyinin üzvü kimi fəaliyyət göstərib”.
Pedaqogika kafedrasının əməkdar müəllimi Səfurə Allahverdiyeva professor Məcid İsmixanovun elmi-pedaqoji fəaliyyətinin həm Bakı Dövlət Universiteti, həm də Elm və Təhsil Nazirliyi səviyyəsində dəfələrlə yüksək qiymətləndirildiyini bildirib. O, qeyd edib ki, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Məcid müəllim BDU-nun professoru elmi adına, “Qabaqcıl maarif xadimi” nişanına, BDU-nun 100 illiyi (1919-2019), eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021) Azərbaycan Respublikasının yubiley medallarına, habelə müxtəlif səviyyələrdə Fəxri fərmanlara layiq görülüb.
Yubiley tədbirində kafedranın digər əməkdaşları çıxış edərək Məcid İsmixanovu təbrik ediblər.
Sosial elmlər və psixologiya fakültəsi adından biz də Məcid müəllimi təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq!