“POSTMODERNİZMİN ÇOXQİYMƏTLİ MƏNTİQ KONTEKSTİNDƏ TƏHLİLİ” ADLI ELMİ SEMİNAR KEÇİRİLİB
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Fəlsəfə kafedrası və Nizami adına Daşkənd Dövlət Universitetinin İctimai elmlər kafedrasının birgə təşkilatçılığı ilə elmi seminar keçirilib. Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova seminarı giriş sözü ilə açıq elan edib və Özbəkistanlı qonaqlarla birlikdə “Postmodernizmin çoxqiymətli məntiq konteksində qnoseoloji təhlili” mövzusu ətrafında müzakirəyə strat verilib.
Fəlsəfə üzrə fəlsəfə doktoru, Dövlət İmtahan Mərkəzində (DİM) “Abituriyent” jurnalının yaradıcı qrupunun rəhbəri, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmlər doktoru proqramı üzrə dissertantı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü Əlişirin Şükürlü mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, elmi-fəlsəfi idrakda baş verən yeniliklərin elmi-texnoloji və həyatın digər praktik sahələri ilə yanaşı, mədəniyyətə də transformasiyası bu sahələrdə yeni paradiqmaların yaranmasına səbəb olmuşdur, düşüncə sistemləri üçün epistemoloji müstəvini genişləndirmişdir. Elmi idrakın məhsulu olan, postqeyri-klassik idrak mərhələsində xüsusi rola malik qeyri-səlis çoxluqlar nəzəriyyəsi qeyri-müəyyənlik şəraitində qərarvermədə insan təfəkkürünə daha yaxın, daha adekvat elmi aparat olmaqla elmi-nəzəri, texnoloji və ümumiyyətlə, həyatın müxtəlif sahələrində geniş tətbiq imkanlarına malikdir. Hadisə və predmetlərə çoxməntiqli yanaşma, onların qeyri-səlis təfəkkür modeli vasitəsilə təhlili mədəniyyət sahəsindən də yan keçməmişdir”. Əlişirin Şükürlü idrak mərhələsinin postqeyri-klassik dövrünün əsaslarından sayılan qeyri-səlis çoxluqlar nəzəriyyəsi və fəlsəfənin postmodernizm istiqaməti arasında korrelyasiyanın olduğunu əsaslandıraraq qnoseoloji təhlil aparıb.
Məruzədən sonra Fəlsəfə kafedrasının əməkdaşları Arif Tağıyev, Azər Allahverdiyev, Gülnarə Yusifova, Nizami adına Daşkənd Dövlət Universitetinin İctimai elmlər kafedrasının əməkdaşları Matlyuba Tullavoldieva, Karima Tulenova, Gülçöhrə Eşanova, Marvarid Mammadcanova, Raino Mullacanova mövzu ətrafında müzakirəyə qoşulub.
Elmi seminarın sonunda Nizami adına Daşkənd Pedaqoji Universitetinin “İctimai elmlər” kafedrasının müdiri Matlyuba Tullavoldieva seminar iştirakçılarına göstərilən diqqətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun 44 gündə göstərdiyi böyük əzm və şücaətdən bəhs edib. O, Azərbaycanın torpaqlarının işğaldan azad olunmasının Türk Dövlətləri Birliyinin gücünü bir daha dünyaya sübut etdiyini vurğulayıb.
Elmi seminarın sonunda qonaqlara Sosial elmlər və psixologiya fakültəsinin müəllimlərinin hazırladıqları dərslik və dərs vəsaitləri, həmçinin milli ornamentli hədiyyələr bağışlanılıb.