PSİXOLOGİYA KAFEDRASININ DOKTORANTLARININ ELMİ SEMİNARI KEÇİRİLİB

19 fevral 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin “Psixologiya” kafedrasının doktorantları Aytən Mütəllimzadə və Aytən Alışanlı tərəfindən elmi seminar keçirilmişdir. Seminarda professor-müəllim heyəti, bakalavr, magistr və doktorant tələbələr iştirak etmişlər.
Seminarı giriş sözü ilə kafedranın dosenti Yamən Vəliyeva açaraq tədbirin məqsədi və aktuallığı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, müasir dövrdə həm kiber mühitdə baş verən psixoloji təsirlər, həm də penitensiar sistemdə aparılan psixoloji işlər cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə elmi araşdırmaların genişləndirilməsi zəruridir.
Seminarda Aytən Mütəllimzadə “Kiberzorakılığın psixoloji aspektləri: kibercinayətkar tiplərinin təsnifatı və qurbanların psixoloji vəziyyəti” mövzusunda çıxış edərək, kiberzorakılıq barədə ətraflı məlumat vermişdir. O, kibercinayətlərin ölkəmizdə statistik göstəriciləri, qurbanların psixoloji vəziyyəti və bu halların yaratdığı uzunmüddətli psixoloji təsirlər barədə təqdimat etmişdir. A. Mütəllimzadə kibercinayət halları və onların qarşısının alınması istiqamətində maarifləndirici proqramların hazırlanmasının, həmçinin psixoloq, hüquqşünas və digər mütəxəssislərdən ibarət multidissiplinar komandanın fəaliyyətinin əhəmiyyətini vurğulamışdır.
Psixologiya kafedrasının müəllimi Aytən Alışanlı “Məhkumların emosional intellektinin öyrənilməsinin islah prosesindəki əhəmiyyəti” mövzusunda çıxış etmişdir. Çıxışda məhkumların emosional intellektinin penitensiar islah prosesində rolu, cinayət davranışının emosional-psixoloji mexanizmləri və həyat və sağlamlıq əleyhinə cinayətlər kontekstində empatiya çatışmazlığı, impulsivlik və emosional tənzimləmə problemləri təhlil olunub. Eyni zamanda emosional intellekt modelləri, penitensiar adaptasiya xüsusiyyətləri və residiv riskinin azaldılmasında emosional intellektin inkişafına yönəlmiş proqramların əhəmiyyəti elmi əsaslarla təqdim edilib.
Məruzələrin sonunda mövzular ətrafında geniş müzakirə aparılmış, iştirakçılar tərəfindən məruzəçilərə suallar ünvanlanmış, fikir və təkliflər səsləndirilmişdir. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış və elmi diskussiya şəraitində başa çatmışdır.