Psixologiya kafedrasının müəllimləri Baş Prokurorluğun Elm-Tədris Mərkəzində icbari təlim proqramında çıxış ediblər

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində keçirilən icbari təlim proqramı çərçivəsində Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müəllimləri dinləyicilər qarşısında mühazirələrlə çıxış ediblər.
Təlim proqramı çərçivəsində 22 dekabr tarixində Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Yamən Vəliyeva tərəfindən “Dindirmənin psixoloji tərəfləri” mövzusunda mühazirə təqdim olunub. Mühazirədə dindirmə prosesində psixoloji amillərin rolu, ünsiyyət və davranış mexanizmləri, emosional tənzimləmə və psixoloji təsir vasitələrinin elmi əsasları ətrafında təhlillər aparılıb. Təlim zamanı dindirmə prosesində subyektiv və obyektiv faktorların qarşılıqlı təsiri, eləcə də psixoloji yanaşmaların hüquqi praktikada tətbiq imkanları akademik baxımdan şərh edilib.
24 dekabr tarixində isə Psixologiya kafedrasının müəllimi, eklektik psixoterapiyanın supervayzeri David Poladov tərəfindən "Təzyiq altında qərarvermə" mövzusunda mühazirə təqdim edilib. Təlimdə qərarvermə proseslərinin psixoloji strukturu, stress və təzyiq şəraitində idrak mexanizmlərinin dəyişməsi, koqnitiv qərəzlərin formalaşması və bu proseslərin süni intellekt əsaslı qərarvermə sistemləri ilə əlaqəsi elmi müstəvidə təhlil olunub. Mühazirə çərçivəsində insan psixologiyası ilə müasir texnoloji yanaşmaların qarşılıqlı əlaqəsi, eləcə də analitik sistemlərin qərarvermə proseslərində rolu nəzəri və tətbiqi aspektlərdən izah edilib.
Qeyd olunan təlimlər Bakı Dövlət Universitetinin elmi-akademik potensialının praktik mühitə inteqrasiyası, psixologiya elminin tətbiqi imkanlarının genişləndirilməsi və müasir qərarvermə proseslərinin elmi əsaslarla izahı baxımından əhəmiyyət kəsb edir.