Qadınlar dünya xalqlarının gözündə tədbiri keçirilib
7 mart 2023-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya və Şərqşünaslıq fakültələrinin birgə təşkilatçılığı ilə “Qadınlar dünya xalqlarının gözündə” adlı bayram tədbiri keçirilib. Tədbirdə hər iki fakültənin müəllim və tələbə kontingenti iştirak edib. Sözügedən fakültələrin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavinləri - Nəzakət Kərimova və Şahin Yusifli çıxış edərək qadın əməkdaşları və tələbə qızları 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik ediblər.
Tədbirin aparıcıları Emin Ramazanzadə və Cəmilə Mahmudzadə ülvülük, zəriflik və gözəllik rəmzi olan qadınların cəmiyyətin bütün inkişaf mərhələlərində oynadıqları böyük roldan danışıblar. Qeyd ediblər ki, analıq, övlad tərbiyə etmək kimi müqəddəs bir vəzifəsini layiqincə yerinə yetirən qadınlar həm də dünya elm və mədəniyyət xəzinəsinə nadir incilər bəxş ediblər.
Aparıcılar daha sonra müxtəlif ölkə xalqlarının həyatında qadının yeri və rolu haqqında məlumat vermək üçün sözü tələbələrə veriblər. Sosial elmlər və psixologiya fakültəsində təhsil alan əcnəbi tələbələr - FerehnazŞeyma Yılmaz (Türkiyə), Qu Hang (Çin), SailikeBaheitnuer (Qazaxıstan) öz ölkələrində qadınların əmək bazarında əsasən hansı sahələrdə təmsil olunmaları, görkəmli elm, təhsil və incəsənət xadimləri, qadınlara həsr olunmuş bayramlar haqqında iştirakçıları məlumatlandırıblar. Əcnəbi tələbələr çıxışlarını öz ana dillərində qadına həsr olunmuş şeir parçası ilə bitiriblər.
“Mədəniyyətlərin harmoniyası” adlı tədbirdə Şərqşünaslıq və Sosial elmlər və psixologiya fakültələrinin bir qrup tələbəsi Azərbaycan, Rus, Yapon, Koreya, Ərəb və Pakistan xalqlarının milli adət-ənənəsindən, həmin xalqların ictimai-siyasi, sosial-mədəni həyatında qadınların rolundan danışıblar. Azərbaycanlı tələbələrin adları çəkilən xalqların milli geyimində çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Psixologiya ixtisası üzrə II kurs tələbəsi Leyla Salmanlı Azərbaycan qadınlarının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlərindən bəhs edib.
Rus xalqına məxsus milli geyimdə çıxış edən Sevil Nəsirova ictimai həyatın müxtəlif sahələrində rus qadınlarının üstün mövqeyini diqqətə çatdırıb, nitqini Puşkinin lirik şeirini ifa etməklə bitirib.
Şərqşünaslıq fakültəsinin II kurs tələbəsi Jalə Novruzova Ərəbistan cəmiyyətində, həmin fakültənin tələbələri Ceylan Əliyeva (III kurs) Yaponiyada, Xanım Məmmədova (I kurs) Pakistanda, Nərmin Nəcəfli (II kurs) Koreyada qadınlara göstərilən münasibət, onların ictimai həyatda tutduqları mövqe, sosial sahədə yerinə yetirdikləri vəzifələr barədə maraqlı fakt və məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonda Sosial elmlər və psixologiya fakültəsinin II kurs tələbəsi Günel Cəlilovanın ifa etdiyi “Sarı gəlin”, Bakı Dövlət Universitetinin (BDU) “Səda” rəqs ansamblının üzvü Sevinc Ağayevanın “Bayram” , tədbirin balaca qonağı Hümeyra Vəlizadənin “Nəlbəki” rəqsi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. BDU Könüllülərinin nəzdində fəaliyyət göstərən LİN-ORPH musiqi klubunun üzvləri Aynurə Aslanova və Zeynəb Qənbərovanın ifa etdikləri musiqi nömrəsi tələbələrdə xoş əhval-ruhiyyə yaradıb. Tədbir “Yallı” rəqsinin ifa edilməsi ilə başa çatıb.