QİYMƏTLƏNDİRMƏ VƏ PSİXOLOJİ RİFAH: UĞUR ARZUSU, YOXSA UĞURSUZLUQ QORXUSU?

Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının doktorantı Gözəl Əliyevanın “Qiymətləndirmə və psixoloji rifah: uğur arzusu, yoxsa uğursuzluq qorxusu?” adlı elmi seminarı keçirilib. Elmi seminarda kafedranın professor-müəllim heyəti iştirak edib. Doktorant bildirib ki, qiymətləndirmə aktı pedaqoji prosedur olmaqla yanaşı, psixoloji məzmun daşıyan sosial hadisədir. G.Əliyeva qiymətləndirmənin psixoloji rifaha təsiri mexanizmləri haqqında məlumat verib. O, qeyd edib ki, geribildirim, ədalət qavrayışı, nəzarət hissi, sosial müqayisə, yüksək risk və emosional tənzimləmə sosial rifaha bu vasitələrlə təsir göstərir. “Bu mexanizmlərin iş prinsipi motivasion istiqaməti müəyyənləşdirir. Motivasion istiqamət isə uğur arzusu və uğursuzluq qorxusu kimi iki əsas qütbdə təzahür edir”.
G.Əliyeva mövzunun elmi mahiyyəti haqqında danışaraq qeyd edib ki, qiymətləndirmə yalnız nəticəni ölçmür, o, şagirdin psixoloji sistemində motivasiya keyfiyyətini formalaşdırır. Motivasiya keyfiyyəti dəyişəndə rifahın keyfiyyəti də dəyişir. Bu məntiqi əlaqə müasir təhsil psixologiyasının mərkəzi istiqamətlərindən biridir və məktəb mühitində akademik uğurun yalnız balla ölçülmədiyini, rifahın da nəticənin dayanıqlılığını müəyyənləşdirdiyini göstərir.