ŞAMAXIDA ELEKTRON KİTABXANA YARADILIB
Sosial elmlər və psixologiya fakültəsi Psixologiya kafedrasının təşəbbüsü ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Psixologiya kafedrasının təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası baş tutub. Psixologiya kafedrasının təşkilatçılığı ilə Şamaxı rayon Göylər kənd 2 saylı tam orta məktəbində müəllim və şagirdlərin istifadəsinə verilən elektron kitabxananın açılış mərasimi keçirilib. Tədbirdə Göylər kənd 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi, şəhid anası Qənirə Quliyeva, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Bakı Dövlət Universitetinin rektoru, professor Elçin Babayev, Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva, İsrailin Holon Texnologiya İnstitunun prezidenti, professor Eduard Yakubov, Holon Texnologiya İnstitunun İcra Komitəsinin sədri, Sənaye Riyaziyyatı İnstitunun təsisçisi, professor Adir Pridor, psixologiya kafedrasının professor-müəllim heyəti, Şamaxı rayonunda yerləşən Ümumtəhsil məktəblərinin direktorları və kitabxanaçıları, Göylər kənd 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, BDU-nun rektoru Elçin Babayev, Izrailin Holon Texnologiya Institunun prezidenti, professor Eduard Yakubov, BDU-nun Sosial elmlər ve psixologiya fakultəsinin dekanı Rövşən Cavadov, universitetin Psixologiya kafedrasinin mudiri Səxavət Əliyeva və Dağlıq-Şirvan Regional Təhsil İdarəsinin rəhbəri Rövşən Əliyev Ulu Öndərin “Təhsil millətin gələcəyidir” fikrini vurğulayaraq bu gün cəmiyyətdə və milli- mənəvi dəyərlərimizin qorunmasında təhsilin əhəmiyyəti, rayonda və bütün ölkədə bu sahədə görülən işlər, təhsilə göstərilən dövlət qayğısı barədə söz açıblar.
Sonra çıxış edən natiqlər Göylər kənd 2 saylı tam orta məktəbinin ölkə başçısı İlham Əliyev tərəfindən kənd camaatına bir ərmağanı olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Göylər kəndində 640 yerlik yeni məktəb binasının tikintisi davam etdirilir və məktəb 2023-2024-cü tədris ilinin başlanması ilə Göylər məktəblilərinin istifadəsinə veriləcək. Çıxışçılar regionlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Şamaxı rayon Göylər kənd 2 saylı məktəbinin kollektivi Sosial elmlər və psixologiya fakültəsi psixologiya kafedrasının təşəbbüsü və yardımı ilə yaradılan elektron kitabxanın müəllimlər və şagirdlər üçün böyük əhəmiyyətə malik olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, yeni yaradılan elektron kitabxana vasitəsilə şagirdlərin dünya kitab fonduna çıxışı təmin olunacaq. Əsrlər boyu çox sayda ədiblər yetişdirən Şamaxıda bu təşəbbüsün həyata keçirilməsi, xaricdə ali təhsil ocaqları ilə birgə əməkdaşlıq, BDU-nun elektron kitabxanasının rayonda təhsil alan gənclərin istifadəsinə verilməsinin onlar üçün əvəzsiz tövhə olması barədə fikir bildiriblər.
İsrailin Holon Texnologiya İnstitunun prezidenti, professor Eduard Yakubov çıxışında ölkəsi haqqında tədbir iştirakçılarına məlumat verərək bildirib ki, faydalı qazıntı yataqları və meşə resusrlarından məhrum olan İsraildə insanlar elmə, tədrisə və biliyə arxalanaraq səhrada cənnət yaradıblar. Bir çox istehsal sahələrində dünya ölkələrinə nümunə olan İsrail dövləti hazırda həm də dünyaya qabaqcıl texniki avadanlıqlar ixrac edən ölkə kimi öndədir. O, Azərbaycanın da yaxın gələcəkdə bu cür uğurlara imza atacağına əminliyini ifadə edib. Eduard Yakubov çıxışının sonunda insanın mənəvi aləminin formalaşması və zənginləşməsində kitabların böyük rolundan danışıb və ölkəsinin tarixinə və mədəniyyətinə həsr olunmuş nəfis tərtibatlı kitabı kənd məktəbinin kitabxanasına hədiyyə edib.
Daha sonra Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva çıxış edərək bildirib ki, yenicə fəaliyyətə başladığı dövrdə ölkə başçısı tərəfindən Göylər kənd 2 saylı tam orta məktəbinə 300-dən çox kitab hədiyyə edilib. Kafedra müdiri bu ənənənin bu gün də davam etdirildiyini qeyd edib, yeni yaradılan elektron kitabxanaya hədiyyə olaraq müxtəlif elm sahələrinə aid 600-dən çox kitab gətirdiklərini bildirib.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Şamaxı Şəhər 3 saylı tam orta məktəbin “Xarı bülbül” və “Çobanyastığı” rəqs qruplarının maraqlı rəqs nömrələri tədbir iştirakçıları tətəfindən maraqla qarşılanıb. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən şeirlər səsləndirilib.
Sonda tədbir iştirakçıları və qonaqlar kitabxanaya baxış keçirib və məktəbdə şagirdlərin dərs prosesi izlənilib.