ŞƏHİD ANALARI İLƏ GÖRÜŞ KEÇİRİLİB
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Bakı Dövlət Universiteti Psixologiya kafedrasında keçiriləcək tədbirlər planı çərçivəsində Psixologiya kafedrasının təşəbbüsü ilə 10 mart 2023-cü ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin şəhid məzunları Ataməli Musaoğlu və Cavid Manafovun ailələri ilə görüş keçirilib. Fakültənin şəhid məzunları – Ataməli Musaoğlu və Cavid Manafovun ailə üzvləri ilə görüşdə öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Keçirilən tədbirdə Sosial elmlər və Psixologiya fakültəsinin dekan müavinləri Qızılgül Abbasova və Nəzakət Kərimova, Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva və kafedranın müəllim heyəti, Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova, Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi İranə Məmmədli və fakültənin tələbə heyəti iştirak edib. Tədbirdə fakültənin Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova çıxış edərək hər iki şəhid ailəsinin daim diqqət mərkəzində saxlanıldığını, onların xalqımızın qürur mənbəyi olduqlarını bildirib. Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva şəhid Ataməli Musaoğlunun və Cavid Manafovun valideynlərinə dövlətinə, xalqına sədaqətli, vətənpərvər övladlar böyütdükləri üçün minnətdarlığını ifadə edib. Hər iki şəhid məzunun şanlı döyüş yoluna həsr edilmiş videoçarx nümayiş olunduqdan sonra onlara dərs demiş müəllimlərin xatirələri dinlənilib. Psixologiya kafedrasının müəllimləri Yamən Vəliyeva, İmdad Bayramov, Kamilə Kazımova, Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi İranə Məmmədli və Vüsalə Cəfərova bir vaxtlar tələbələri olmuş Ataməli Musaoğlu və Cavid Manafov haqqında xoş xatirələrini söyləyiblər. Sonda Ataməli Musaoğlunun anası Leyla xanım və Cavid Manafovun anası Natavan xanım göstərilən qayğıya görə Dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Bakı Dövlət Universitetinin rəhbərliyinə, Sosial elmlər və psixologiya fakültəsinin müəllim və tələbə heyətinə minnətdarlıqlarını bildiriblər.